"Bizə “Avroviziya” mahnı müsabiqəsində qələbə lazım deyil. Bizim Vətən müharibəsindəki qələbəmiz hələ də Avropanı, erməniləri sevənləri, türklərə nifrət edənləri yandırıb yaxır".
Niderlandın Rotterdam şəhərində keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsi başa çatdı. Final mərhələsində iştirak edən Azərbaycan təmsilşisi Samirə Əfəndi 65 xal toplayaraq 20-ci yerdə qərarlaşdı. Maraqlıdır ki, bu il Azərbaycan ifaçısına heç bir ölkə 12 xal vermədi. Nə münsiflər, nə də tamaşaçılar Samirə Əfəndinin ifasını bəyəndi. 39 ölkədən yalnız 9-dan Azərbaycana xal gəldi. Azərbaycana Rusiya 8, Moldova 6, Gürcüstan 5, Ukrayna 3, İsrail 2, Albaniya 2, İrlandiya 2, İsveçrə 2, Niderland 2 xal verdi.
Halbuki bu ifa müsabiqənin keçirilməsindən öncə əksər ölkələrdə trend olmuşdu. Peşəkar musiqiçilər Azərbaycan təmsilçisinin şansını yüksək qiymətləndirir, onun ən azı ilk beşlikdə qərarlaşacağını bildirirdilər.
“Avroviziya” mahnı müabiqəsinin hər nə qədər siyasi olmadığını bildirsələr də bu müsabiqədə ölkələrin bir-birinə münasibəti açıq-ayıdın görünür. Dünən bir daha gördük ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini Avropa ölkələri hələ də həzm edə bilmir.
Moderator.az-a açıqlama verən millət vəkili Aqil Abbas Azərbaycana qarşı bu ədalətsiz yanaşmaya münasibət bildirib: “Biz 44 günlük Vətən müharibəsində qələbə çalmışıq. Bizə “Avroviziya” mahnı müsabiqəsində qələbə lazım deyil. Bizim bu qələbəmiz hələ də Avropanı, erməniləri sevənləri, türklərə nifrət edənləri yandırıb yaxır. Bizə onların xalı lazım deyil. Buna görə narahat olmağa dəyməz”.
Millət vəkili İsrailin bizə 2 xal verməsinə sosial şəbəkələrdə ifadə olunan narazılığa da aydınlıq gətirib: “Baxıram ki, sosial şəbəkələrdə İsrailin bizə 2 xal verməsi narazılıqla qarşılanıb. İsrail 44 günlük müharibədə bizə 12 xal verib. Bu bizə bəsdir”.
Aqil Abbas Azərbaycan münsiflərinin xal verdiyi ölkələrin də düzgün seçilmədiyini bildirib.