Xudu Məmmədovun adını əbədiləşdirən daha bir əsər

Xudu Məmmədovun adını əbədiləşdirən daha bir əsər backend

Keçmiş hərbçi, müharibə veteranı Tərlan Eyvazovun böyük alimə həsr etdiyi və yağlı boya ilə çəkdiyi əsər bu gün alimin ailəsinə təqdim olundu…

Vətənpərvər rəssam, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Tərlan Eyvazovun növbəti əsərlərindən biri dünya şöhrətli alim Xudu Məmmədova həsr olunmuşdur.

Bu gün Xudu Məmmədovun irsini yaşadan tanınmış ziyalılar- Xudu Məmmədovun yaxın qohumu, QAT Ağsaqqallar Şurasının üzvü, tanınmış neftçi-alim Yusif Səmədovun, QAT sədri Akif Nağının, professor, Xudu Məmmədovun tələbəsi Valeh Baxşəlinin, Qarabağ müharibəsi veteranı, keçmiş hərbçi və hüquqşünas Camal Əhmədovun və «Təzadlar»ın baş redaktoru Asif Mərzilinin iştirakı ilə həmin əsər böyük alimin evində ailəsinə, həyat yoldaşı Maya xanım Məmmədovaya təqdim edildi.

Təqdimetmə mərasimində çıxış edən Yusif Səmədov Xudu Məmmədovla bağlı uşaqlıq və tələbəlik illərindən söz açdı, onun dünya elminə verdiyi töhfələrdən, bir şəxsiyyət kimi bu günkü nəslə örnək olmasından, elmi fəaliyətindən danışdı, rəssam Tərlan Eyvazova dərin minnətdarlığını bildirdi.

Təqdimetmə mərasimində söz sahibi olan rəssam T.Eyvazov Xudu Məmmədovun elmi irsi ilə yaxından tanış olduğunu dilə gətirdi:

-Həmişə həyatda məhz Xudu Məmmədov kimi sadə və mənalı həyat sürmək üçün çalışmışam… Xudu müəllimin elmlə sənətin vəhdətinə aid özünün rəsm əsərlərini görmüşdüm. Həmişə arzı edirdim ki, bir gün yaradıcılığımda Xudu müəllimin portreti fonunda həm də onun elmi fəaliyyətinin bu istiqamətini əsərimdə canlandırım… Nəhayət, buna nail oldum. Yəqinki buna nə dərəcədə nail olduğumu bu əsəri seyr edənlər söyləyə bilər. Böyük alimin ruhu şad olsun!

QAT sədri Akif Nağı Xudu müəllimin Qarabağ hadisələrindəki rolundan danışdı:

-Xudu müəllim Qarabağ hadisələri başlayanda bütün gücünü torpaqlarımızın müdafiəsinə yönəltdi… Onun bir ayağı Bakıda-iş yerində olurdusa, bir ayağı da Ağdamda, döyüş bölgələrində idi. O, hələ 1987-88-ci illərdə ermənilərin Azərbaycana qarşı torpaq iddiaları ortaya çıxanda mətbuatda bu iddiaların çürük və əsassız olduğunu, heç bir tarixi mənbəyə əsaslanmadığını elmi cəhətdən sübut edirdi… Rəssam Tərlan Eyvazova dərin təşəkkürümü bildirirəm ki, o, bir daha Xudu Məmmədovun adının əbədiləşdirilməsi yolunda bu addımı atdı…

Professor Valeh Baxşəli:
-Xudu müəllim dünya elminə Azərbaycanın adını qızıl hərflərlə yazdı… Onun elmlə sənətin vəhdətinə həsr olunmuş əsərlərini, rəsmlərini görəndə, musiqi təhlilinə baxanda görürsən ki, o, bu xalqın tükənməz sərvəti kimi nə qədər ucalıqdadır… Bu əsər isə Xudu müəllimin adını bir daha tarixləşdirən addımdır. Rəssama təşəkkürlər edirəm…

Keçmiş hərbçi Camal Əhmədov:
-Xudu müəllim əvəzsiz bir insan idi… O, hər birimizə örnək, arxa və dayaqdır. Biz indi onu öz mənzilində ypad edirik, haqqında danışırıq. Deməli, o, indi də bizimlədir, əbədi yaşardır. Allah rəhmət eləsin! Rəssam Tərlan Eyvazova isə dərin təşəkkürümü bildirirəm ki, belə bir əsəri yaradıb…

Asif Mərzili:
-İnsan özündən sonra ikinci həyatını əməli izi ilə yaşayır, əbədiyyət qazanır… Bu əsər Xudu müəllimin həmin ikinci həyatının bir parçasıdır. Ruhu şad olsun! Rəssam Tərlan Eyvazova mən də dərin təşəkkürümü bildirirəm…



Sonra Xudu Məmmədovun həyat yoldaşı Maya xanım Məmmədova rəssama və dəyərli qonaqlarına bu gözəl hədiyyəyə görə dərin təşəkkürünü bildirdi. Bundan sonra çay süfrəsi ətrafında görkəmli alim Xudu Məmmədovun barəsində xatirələr danışıldı, Xudulu günlər xatırlandı…

(Əsərin təqdimetmə törənində Xudusevərlərdən Nübar Məmmədova, Cəlil və Ramiz Orucoğlu qardaşları da iştirak edirdi).

Təzadlar qəzeti

Diaspora