Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda bir qrup şəhid ailəsi ilə görüşüb.
Qazilər.az xəbər verir ki, görüşdə Almalıtala kənd sakini şəhid Cavid Şaban oğlu Əliyevin (10.05.1996, Almalıtala, Tovuz – 09.11.2020, Şuşa), Qonaqlı kənd sakini, şəhid Mustafa Ələddin oğlu Hüseynovun (01.10.1996, Qonaqlı, Tovuz – 27.09.2020, Kəlbəcər), Bayramlı kənd sakini, şəhid baş gizir Mehman Musa oğlu Yusifovun (18.07.1979, Tovuz – 05.10.2020, Cəbrayıl), Düz Qırıqlı kənd sakinləri şəhid Sahil Vüqar oğlu Salmanovun (11.03.2002, Düz Qırıqlı, Tovuz – 20.10.2020, Füzuli) və şəhid Asim Nuru oğlu Əliyevin (07.09.1999, Düz Qırıqlı, Tovuz – 25.10.2020, Füzuli) ailə üzvləri iştirak edib.
Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib.
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.