Milli Məclisdə Niyaz Niftiyev müzakirəsi...

Milli Məclisdə  Niyaz Niftiyev müzakirəsi... backend

Tanınmış jurnalist Niyaz Niftiyevin həbsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb.

Qazilər.az xəbər verir ki, millət vəkili Sabir Rüstəmxanlı jurnalistin həbsdə saxlanılmasına etiraz edərək, xırda bir ittihama görə N.Niftiyevin 1 il 3 aydır istintaq təcridxanasında saxlanıldığını bildirib:

“N.Niftiyev tanınmış jurnalistdir, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür, 25 il aktiv jurnalistika fəaliyyəti ilə məşğul olub. Bir çox mükafatlar, “Tərəqqi” medalı alıb. Prezident ona ev hədiyyə edib. Bir neçə elmi kitabın müəllifidir.

Sonra başqa sahədə fəaliyyətini davam etdirmək istəyib. Bələdiyyə seçkilərinə qatılıb və seçilib. Sonra isə Binəqədi bələdiyyəsinin sədri olub. Sədr seçildikdən cəmi bir neçə gün sonra onu saxta arayışların verilməsi və pandemiya qaydalarının pozulması ittihamı ilə saxlayıblar.

İttihamda qeyd olunur ki, o, guya 9 arayış verib, qarşılığında 214 manat pul alıb. Niyaz Niftiyev bu ittihamla razılaşmayıb və qəti şəkildə rədd edir və lazimi faktları da təqdim edib. Məsələ burasındadır ki, bu xırda bir ittihama görə Niyaz Niftiyev 1 il 3 aydır istintaq təcridxanasındadır. Necə aylardır, məhkəməsi başlayıb, amma hər dəfə bir bəhanə ilə onun məhkəməsi təxirə salınır”.

Deputat qeyd edib ki, Niyaz Niftiyev ziyalıdır, himayəsində ağır xəstə olan anası var, bir oğlu hərbi xidmətdədir:

“Ona qarşı qəddar bir münasibət var. O, 214 manat rüşvət almaqda ittiham olunur. Bu ittiham isə hələ sübut olunmayıb. Amma bir ildən çoxdur məhbəs həyatı yaşayır. Olmazdımı ki, heç olmasa bu istintaq, qəsdən uzadılan məhkəmə prosesi vaxtı o, polis nəzarətində evə buraxılardı? Necə ki, ağır cinayətlərdə ittiham olunan nazir müavinlərini buraxdınız”.

Qeyd edək ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Axar.az