Diaspor Könüllüləri soydaşlarımızı "YAŞAT" marafonunda fəal iştiraka çağırır

Diaspor Könüllüləri soydaşlarımızı "YAŞAT" marafonunda fəal iştiraka çağırır backend

Dünya azərbaycanlılarını Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonunda fəal iştiraka səsləyən tanınmış şəxslərin və ictimai təşkilatların əhatə dairəsi genişlənməkdədir.

Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə keçirilən xeyriyyə marafonuna diqqəti cəlb edən qüvvələrdən biri də Azərbaycan Diaspor Könüllüləri və "Karabakh is Azerbaijan!" platformasının fəallarıdır. Könüllülər marafonun sosial media şəbəkələrində təbliğ olunması istiqamətində genişmiqyaslı fəaliyyət göstərirlər. Diaspor Könüllüləri və "Karabakh is Azerbaijan!" platformasının fəalları İnstagram, Twitter, Telegram, Facebook sosial media şəbəkələrində müxtəlif profillər, qruplar, səhifələr üzərindən marafonda iştiraka çağırışla bağlı yüzlərlə paylaşım edib.

Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimov bildirib ki, gənclərin təbliğat fəaliyyəti marafon başa çatana qədər davam edəcəkdir. Çalışacağıq ki, bütün dünyada yaşayan soydaşlarımız “YAŞAT” xeyriyyə marafonu haqqında məlumatlı olsun və bizə qələbəni yaşadanların yaşadılmasına öz töhfəsini versin.