MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva qocaman şair İsa Cavadoğlunu evində ziyarət edib, onu yubileyi münasibəti ilə təbrik edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda fəaliyyət göstərən "Varislər" ədəbi məclisinin rəhbəri, qocaman şair, publisist, pedaqoq İsa Cavadoğlunu evində ziyarət edib, onu 90 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli İsa müəllim,
Sizi – Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-publisist və pedaqoqu 90 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş diləklərimizi yetirirəm! Siz Tovuzda 1970-ci ildən fəaliyyət göstərən "Varislər" ədəbi məclisinin rəhbəri, rayonun sayılıb-seçilən ağsaqqal ziyalılarındansız.
1957-ci ildən rayon və respublikanın əksər kütləvi informasiya vasitələrində, özəlliklə ədəbi nəşrlərdə Sizin şeir, hekayə və publisistik yazılarınız yayınlanır. Sizin lirik və satirik şeirləriniz oxucular tərəfindən maraqla qarşılanıb, həmin şeirlər zamanın adlı-sanlı aşıqları Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, İdris Alakollu və digər sənətkarların, müğənnilərin repertuarında yer alıb.
"Mən ulu tarixəm", "Ya qismət", "Ömrün yolları", "Daha payızdı", "Düşüncələr", "Məktəbə qayıdan oğlan", "Ata yurdum", "Tənha qoca", "Ömür karvanı" kitablarınız oxucular və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanıb.
Hörmətli İsa müəllim,
Sizi 90 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edirəm!
Var olun”!
Komitə sədrinin yubilyarla görüşündə “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şairə Mədəniyyət Komitəsi və “Nəfəs” İB adından Təbrik Məktubları, xatirə hədiyyələri təqdim edilib.