Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz şəhərində, bu şəhərin 44 günlük Vətən müharibəsində şəhid olmuş sakinlərinin ailə üzvləri ilə görüşüb.
Qazilər.az xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarovun (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa), “Vətən uğrunda”, “İgidliyə görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqbal oğlu İsmayılovun (25.09.1996, Tovuz – 2020, Füzuli), “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinovun (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmovun (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilovun (26.02.1996, Tovuz – 07.11.2020, Xocavənd) və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynovun (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd) ailə üzvləri iştirak edib.
Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib.
Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.


