“Həyəcan siqnalı” layihəsinə start verildi

“Həyəcan siqnalı” layihəsinə start verildi backend

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin (İB) dəstəyi ilə həyata keçirilən “Həyəcan siqnalı” layihəsinə start verilib.

QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artırılması, onların vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir.

Açılış mərasimində “Həyəcan siqnalı”nın rəhbəri Türkan Nadirqızı çıxış edərək layihənin mahiyyətindən danışıb. Bildirilib ki, müharibə jurnalistikasında ən mühüm cəhətlərdən biri informasiyanı operativ şəkildə çatdırmaqla yanaşı, ehtiyatlı və diqqətli şəkildə ötürməkdir. “Həyəcan siqnalı” layihəsi çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 30 gənc jurnalistin hərbi mətbuat tarixi, jurnalistikada ədalət prinsipi, müharibə jurnalistikasının qaydaları, hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı nəzəri və praktiki bilikləri artırılacaq.

“İrəli” İB-in sədri Mirhəsən Seyidov isə çıxışında bildirib ki, vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Bu da təbii olaraq, “Həyəcan siqnalı” layihəsinin icrasını vacib edən əsas amilə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov isə hərbi jurnalistikanın əhəmiyyətindən danışaraq, iştirakçılara uğurlar arzuladı.

Sonra “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı jurnalistlərə təlim keçib.
Diaspora