Koronavirusa yoluxan jurnalist müalicə prosesindən yazdı

Koronavirusa yoluxan jurnalist müalicə prosesindən yazdı backend

Nəhayət, bizim də evdə “toy-bayram” oldu – ailəlikcə COVİD-19 virusuna yoluxduq.

İlk gündən məni, yaşımı və mümkün ağırlaşmaları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığ qəsəbəsindəki koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul tipli hospitalına aparmaq istədilər.

Mən, əlbəttə, bilirdim ki, 2020-ci ilin iyulunda istifadəyə verilmiş bu hospitalda yaradılan şərait koronaviruslu xəsətələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Hospitalda məlumatların idarəetmə sistemi mövcuddur. Burada mərkəzi qərargahda müalicə prosesinə aid olan bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə edilir. Bu sistem vasitəsilə xəstələrin tibbi məlumatlarını, müalicə prosedurlarını və bütün digər tibbi və qeyri-tibbi prosesləri həm hospital daxilində, həm də hospital kənarından izləmək mümkündür. Eyni zamanda bu sistem hospitalın fəaliyyət dövrünü istənilən tarix aralıqları üzrə izləmək imkanı verir. Amma bütün bunlara baxmayaraq, evdə müalicə olunmağa üstünlük verdim. Düşündüm ki, hospitalda mənim həm də insult xəstəsi olduğumu bilən kimi taleyin ümidinə buraxacaqlar və 1-2 gündən sonra: “Təzyiqi qalxdı, ürək, ağciyər damarlarında tromblar əmələ gəldi və xəstə vəfat etdi” deyəcəklər.

Bir həftə müalicədən sonra vəziyyətim qəflətən ağırlaşdı, temperaturum qalxdı, saturasiyam isə aşağı düşməyə başladı. “Təcili yardım” maşını ilə hospitala aparıldım…

Bu xəstəxananın fəaliyyətinin özəl xüsusiyyəti Azərbaycanda ilk dəfə tətbiq olunan və tibb praktikasında bənzəri olmayan, yeni növ koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sisteminin olmasıdır. Tibbi məlumat sistemi tibb işçilərinin işini optimallaşdırmaq və hər bir xəstə üçün fərdi olaraq tibbi qərar qəbul etmək üçün intellektual dəstəyi təmin edir.

Xəstəxanaya qəbul olunduqda xəstə xüsusi təlim keçmiş tibb bacısı tərəfindən qeydiyyata alınır, epidemioloji analiz, baxış və müayinədən keçir və nəticələr elektron məlumat sistemində qeydə alınır. Beləliklə, sistem avtomatik olaraq xəstənin tibbi tarixçəsini yaradır, vəziyyətini qiymətləndirir, lazımi instrumental və laborator müayinələrinin həcmini müəyyən edir.

Aparılmış manipulyasiyalar tibb bacısı tərəfindən elektron imza ilə qeydə alındıqdan sonra, həkimin elektron cihazına xəstənin vəziyyəti, əsas və müşayiət olunan diaqnozları ilə tibbi tarixçəsi göndərilir. Alınan məlumatları araşdırdıqdan sonra həkim xəstəni müayinə edir, alınan materialları təsdiqləyir və ya müvafiq düzəlişlər edir. Müayinəni təsdiqlədikdən sonra həkim beynəlxalq protokollara əsasən tövsiyə olunan terapevtik tədbirlərin siyahısını, o cümlədən antiviral, iltihabəleyhinə və antikuaqulyant dərmanları, infuziyon terapiyası, oksigen təchizatı rejimlərini və s. görmək imkanı əldə edir. Həkim bu tövsiyələrdən xəstə üçün lazım olan müalicə sxemini seçir və qeydə alır.

Həkim tərəfindən edilən təyinatlar onun elektron imzasından sonra avtomatik olaraq tibb bacısının planşetinə ötürülür. Tibb bacısı səsli siqnal vasitəsilə həkim tərəfindən göndərilən tibbi təyinatlar barədə xəbərdar olunur və dərhal onların yerinə yetirilməsinə və qeydiyyatına başlayır. Tibb bacısı qrafik şəklində müşahidə kartına yazılan tənəffüs tezliyi, qanın oksigen təminatı, arterial təzyiq, elektrokardioaqrifaya göstəricilərinin dinamik müşahidəsini aparır. Tibbi İnformasiya Sistemi dəyişikliklərin dinamikasının proqnostik qiymətləndirməsinə imkan verir, planşetin ekranında yarana biləcək ağırlaşmalara dair xəbərdarlıqları göstərir, müalicə və oksigen terapiyası rejiminin korreksiyasına dair tövsiyələr verir. Sistem xəstələrin bioparametrlərinin dinamik müşahidəsi haqqında məlumatların və ultrasəs, kompyuter tomoqrafiyası, elektrokardioqrafik müayinələrin təsvirlərinin Xəstələrin Müşahidə Mərkəzinə ötürülməsinə və mürəkkəb halların kollegial müzakirəsinə, zəruri hallarda Teletibb Məsləhətləşmələri kanalları vasitəsilə xarici mütəxəssislərlə müzakirəyə çıxarmağa imkan verir.

…Gözlədiyimin əksinə olaraq, ilk gündən məni diqqət və qayğı ilə əhətə etdilər. Müalicə həkimim İlkanə Cəfərova daim vəziyyətimlə maraqlanır və zəruri müalicə prosedurlarının həyata keçirilməsini təmin edirdi. Tibbi personalın çatışmamasına baxmayaraq, tibb bacıları, tibb qardaşları, xəstə baxıcıları, sanitarlar və b. əllərindən gələn hər şeyi edirdilər ki, bütün xəstələr razı qalsın. Düzgün və səmərəli müalicə nəticəsində tezliklə vəziyyətim yaxşılaşdı və məni oksigen aparatından ayırdılar – artıq özüm sərbəst nəfəs ala bilirdim.

Modul hospitalın 17-ci korpusunun şöbə müdiri Xalid İmanov, həkim Nicat Eyvazlı da hər gün bizə baş çəkir, səhhətimizlə maraqlanır, lazım gəldikdə müalicənin gedişində müəyyən dəyişikliklər də edirdilər.

Artıq ikinci gündür ki evdəyəm. Özümü normal hiss edirəm. Bu cür modul tipli xəstəxanaların tikintisi Azərbaycan dövlətinin koronavirusla mübarizədə vətəndaşların sağlamlığının qorunmasına və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin təzahürüdür. Mübağiləsiz-filansız deyirəm: ”Əsl dövlət qayğısı belə olar!”

Adil ZAMAN,

yazıçı-jurnalist.

MİA.AZ

Diaspora