Lavrov Müqəddəs Məryəm kilsəsini ziyarət etdi - FOTO

Lavrov Müqəddəs Məryəm kilsəsini ziyarət etdi -  FOTO backend

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Rusiya XİN rəhbərinə verilən məlumata görə, bu məbədin binası 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.

Qeyd edilib ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb. Bu, SSRİ-də uzun illər boyu dinə qadağa qoyulandan sonra Azərbaycanda fəaliyyətə başlamış ilk xristian məbədi idi. İki ildən sonra məbədə Sergi Radonejski adına kilsə əlavə edilib.

Müqəddəs Məryəm Mövlud kilsəsi təkcə ibadət məkanı deyil. Kilsənin nəzdində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün bazar günü məktəbi, yaşlılar üçün katexizasiya məktəbi və xeyriyyə yeməkxanası da fəaliyyət göstərir.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.