Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Eko Aləm” İctimai Birliyi Prezident yanında Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xəzər dənizi sahilinin məişət tullantılarından təmizlənməsi – sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihəsinin yekunları ilə bağlı “Plastik tullantılar və ətraf mühit” adlı mətbuat konfransı keçirdi.
Konfransı giriş sözü ilə açan layihənin rəhbəri Sevil Yüzbaşeva bildirdi ki, təşkilat Xəzər dənizinin sahilərinin tullantılardan təmizlənməsi işi ilə məşğul olub. Onlar bu işi Xaçmaz-Nabran, Şüvəlan-Mərdəkan, Masallı –Lənkəran bölgələrində həyata keçiriblər. Xeyli sayda plastik butulka və polietilen paketlər toplayıblar. “Şüvəlanda ərazi çox çirkli idi. Xeyli plastik butulka topladıq. Çox maraqlı aksiya oldu. Həm icra hakimiyyətindən, həm də bələdiyyədən bizə dəstək verdilər. Məktəblərdən şagirdlər bu işdə bizə fəal kömək etdilər. Xüsusilə də 123 saylı məktəbi qeyd etmək istəyirik”.
Daha sonra Sevil Yüzbaşeva bildirdi ki, ərazini tullantılardan təmizləyən uşaqlara xüsusi geyim formaları da verilib. Çimərliklərdən xeyli butulkalar və polietilen paketlər yığdıqlarını diqqətə çatdıran layihə rəhbəri bu sahədə əhalini maarifləndirmək üçün broşuralar, məlumat kitabçaları da hazırladıqlarını diqqətə çatdırdı. 15-25 iyun tarixlərində Masallı-Lənkəran bölgəsində Xəzər dənizi sahillərini təmizlədiklərini qeyd edən Sevil xanım onu da bildirdi ki, bu işdə onlara hətta kənd sakinləri də yaxından kömək edib. “Dənizdən də xeyli qab yığmışıq. Plastik butulkalar dolu idi. Dənizin sahilində zibilqabı yox idi ki, camaat zibili ora atsın. Amma aşırı zibillik də yox idi”.
Xaçmazda Nabranda da dəniz sahillərində təmizlik işləri apardıqlarını qeyd edən layihə rəhbəri bildirdi ki, onları Xaçmaz icra hakimiyyətindən çox yaxşı qarşılayıblar və hər cür dəstək də veriblər. “Biz gələcəkdə yenə də Nabranda daha böyük təmizlik aksiyası keçirəcəyik” – deyən layihə rəhbəri sözünü bitirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Dövlət Məmmədov bildirdi ki, insanların şüurunda dəyişiklik olmalıdır ki, tullantıları yerə atmasınlar. Bunun üçün də təbliğata, maarifləndirməyə böyük ehtiyac var.
Daha sonra Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Teymur Məmmədov çıxış edərək bu cür aksiyaların keçirilməsinin çox vacib olduğunu bildirdi. O qeyd etdi ki, plastik qablar gec çürüdüyü üçün ətrafa böyük ziyan vurur.
Tədbirdə digə çıxışçılar da ekologiyanın təmiz saxlanmasının ilk növbədə insanlarımıza xeyirli olacağından danışdılar. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətinin böyük olduğunu dilə gətirdilər.
Sevda Elay (Əsgərova) - QAZİLER.AZ