Məmləkət sevdalıları üçün... - İlqar Rəsul

Məmləkət sevdalıları üçün... -  İlqar Rəsul backend

"Prezidentin məlum bəyanatı səbəbsiz deyil".

Qazilər.az xəbər verir ki, bu fikir tanınmış jurnalist İlqar Rəsulun feysbuk səhifəsində paylaşdığı yazısında yer alıb. Həmin yazını təqdim edirik:

Əziz həmvətənlər! 

Bəzi siyasilərin və politoloqların mövcud hakimiyyətə və prezidentə nifrəti gözlərini o qədər tutub ki, millətə və Məmləkətə məmnuniyyətlə xəyanət etməkdən, gerçəyi kölgləməkdən belə çəkinmirlər. 

Belələrinin Qarabağ savaşı, ordumuzun zəfəri, torpaqlarımızın işğaldan azad olunmasına dair dediklərinə inanmayın. Qarabağ azad olunub. Ordumuz zəfər çalıb. Gözlə görülən gerçəklik hələ bu zəfərin bir hissəsidi. Ağılla görülənlər də zamanla gözlə görülən gerçəkliyə çevriləcək. 

Rusların bölgədəki mövcudluğuna gəlincə: 

İndiki hal "Moskva regionda və dünyada sülhün təminatçısıdır" təəssüratını yaratmaq üçün Rusiyaya çox lazımdır. Moskvanın aləmində Qarabağda "sülhməramlı" mövcudluq Ermənistanı tam itirməmək, Ukraynadakı davranışlarına haqq qazandırmaq üçün də Rusiyanın işinə yarayır (Rusiyada ciddi postlar tutan ermənipərəst qüvvələri sakitləşdirmək baxımından da bu oyun Vladimr Putin üçün az əhəmiyyət kəsb etmir).  

Əslində isə bu gün, ya sabah Rusiya qoşunlarını çəkib gedəcək. Düzdür, aramızda buna inanmayanlar çoxdur. Amma Şuşanın azad olunacağına inanmayanlarımız, "Qarabağ getdi" deyənlərimiz də də yetərincə idi. Həm də sıradan adamlar deyildi bunlar. 

 - "Rusiya hələ indiyənədək öz xoşu ilə heç yerdən qoşunlarını çəkməyib" - deyib də, rusların Qarabağdan gedəcəyini düşünənlərə istehza edən, gülənlər də az  deyil. 

Əvvəla onu deyim ki, sabah ruslar regiondan toy-bayramla çəkilsələr belə, onsuz da bu onların öz xoşu ilə deyil, İlham Əliyevlə Tayyip Ərdoğanın uğurlu oyununa görə baş vermiş olacaq. 

Digər tərəfdən, yaxın tarixdə Moskva  SSRİ olaraq Almaniyadan Vyetnama, Kubadan Monqolstanadək dünyanın hər yerindən qoşununu çəkibsə, niyə Moskva Rusiya olaraq keçmiş sovet respublikalarından ordusunu çəkilməsin ki (Kimsə deyə bilər, o vaxt dünya tələb edirdi. İndi də dünya tələb edir də Rusiyanın özünə yığışmasını)?

Çəkəcək qoşunlarını. Mütləq çəkəcək. Bəli, ilk olacaq, amma olacaq. Azərbaycanda və onun Qarabağında dünya miqyaslı ilklər olmayıbmı? Olub əlbəttə. Demək yenə olacaq. Kağız üzərində və açıqlanmayan danışıqlarda bu ilk olub artıq. Qalıb həyata keçirilməsi, o da olacaq. 

Əziz həmvətənlər! 

Sosial şəbəkəyə diqqət etməmiz kifayətdir ki, gündə nə qədər insanın dünyasını dəyişdiyinin şahidi olaq. Torpağın azad olunduğunu görüb, torpağı görməyənlərimizin sayı gün-gündən artır. İş o yerə gəlib ki, səhər FB-yə girəndə "Allah rəhmət eləsin", "Ruhu şad olsun" deyimlərini kopyalayıb əlimizin altında hazır saxlayırıq ki, rastımıza çıxan bir ölüm xəbərinin altına qoyub, o birinə keçək. Çünki artıq yazıb çatdırmaq olmur. Dediyim odur ki, Məmləkətimizin belə həssas zamanında, cavanlı-qocalı hamımızın həyatının belə aşırı etibarsız vaxtında sizləri bədbin proqnozlarla yükləməyə, ümidsizlik girdabına atmağa çalışanlara inanmayın. Onlar Vətən Müharibəsindən az əvvəl baş vermiş Tovuz hadisələrində də  Ali baş komandanı iradəsizlikdə qınayır, "ordu düşmən qabağından qaçdı" deyirdilər. Təsəvvür edirsiz, Azərbaycan ordusu Şuşanı bir neçə saata işğaldan azad etməyin təlimlərini keçərkən, Tovuzu faciəyə çevirib hərbiçiləri ruhdan salmaq, əhalini başıpozuq kütləyə çevirmək istəyənlər var idi. Belələri bilərəkdən  dünənki "proqnozunun" iflas etdiyindən ibrət almırlar. Çünki, bunu məqsədli şəkildə edirlər. Ən azı nifrətin təsiri altında. Amma səbəb tək nifrət də deyil əlbəttə... 

Əziz həmvətənlər! 

Bölgədə Azərbaycanın maraqlarına uyğun çox ciddi proseslər gedir. İlham Əliyevin müxtəlif vaxtlarda özünün "deyirəmsə, bu məsələ bitib, demək bitib!" bəyanatını təkrarlaması təsadüf deyil və bunun arxasında həmin prosesin indi açıqlanması məqbul sayılmayan detalları dayanır. 

Səhhətinizi, əsəblərinizi və ən başlıcası ümidlərinizi kənar, məqsədli  təsirlərə qurban verməyin. Yaxşı günlərimiz hələ qarşıdadır. O günləri görməyə və görə bilməyənlərimizin əvəzindən də yaşamağa kökləyin özünüzü. Bu yanaşma və yumruq kimi birlik bizi arzularımıza daha asan və tez qovuşdurar. 

Allah Məmləkətimizi qorusun!

Diaspora