Vətən müharibəsində qəlpə yaraları alan Göyçay rayon Mallı-Şıxlı kənd sakini, 2002-ci il təvəllüdlü Yusif Müşfiq oğlu Məmmədov qazi statusunun ona verilməsinin ləngidilməsindən narazıdır. Ölkə rəhbərliyinə ünvanladığı, surətini redaksiyamıza yolladığı məktubunda qazi yazır: “2020-ci ilin 7 may tarixində həqiqi hərbi xidmətə getmişəm. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmişəm. Murov-Kəlbəcər istiqamətində gedən qızğın döyüşlərdə bel nahiyəmdən ağır yaralanmışam. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında 3 ay müddətinə müalicə olunmuşam. Sonra isə maddi imkansızlıq səbəbi ilə müalicəni dayandırmışam. Sinir sisteminin zədələnməsi ilə əlaqədar olaraq ayaqlarımın hissiyyatı getdikcə daha çox zəifləməkdədir. Vaxtında müalicə olunmayacağım halda ayaqlarım funksiyasını itirəcək. Möhtac halda yaşamaq məni param-parca edir. Həkimlərin dediklərinə görə, Türkiyə və İsraildə tam olaraq müalicə olunub, əvvəlki sağlamlığıma qovuşmağım mümkündür. Lakin maddi durumum buna imkan vermir. Yaralanmağım səbəbi ilə fiziki əmək qabiliyyətim məhduddur”.
Qazi yazır ki, atası illər öncə xərçəng xəstəliyindən vəfat edib. Yaşlı anası isə ona baxdığından heç yerdə işləyə bilmir: “Neçə müddətdir ki, qazilik statusu belə ala bilmirəm. Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sənədlərimdə gecikmələr var. Məni get-gələ salırlar. Sizdən çox xahiş edirəm ki, mənim xaricdə müalicə olunmağıma və qazi statusu almağıma köməklik göstərəsiniz”. (Yeni Müsavat)

