Ailə üzvləri hamısı yoluxubsa, çörəyi evə kim alsın?

Ailə üzvləri hamısı yoluxubsa,  çörəyi evə kim alsın? backend

Ölkədə bütün üzvləri koronavirusa yoluxan ailələr var. Operativ Qərargahın qərarına əsasən, koronavirus xəstələrinə evlərini tərk etmək qadağan olunub. Belədə bu ailələr ərzaq və digər ehtiyaclarını qarşılamaq üçün nə etməlidirlər? Evdən çıxıb cərimə olunmaq, yoxsa evdə acından ölmək?

Məsələ ilə bağlı Axar.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ailə üzvləri əgər xəstəliyi yüngül keçirirlərsə və evdə müalicə alırlarsa, bu ailələrin gündəlik qida tələbatı da nəzərə alınmalıdır:

“Bu şəxslər özləri evlərindən çıxıb ərzaq ala bilmirlər. Qeydiyyata alınan bütün xəstələr dövlət hesabına müalicə olunur və onların dərman ehtiyacları qarşılanır. Eyni qaydada Operativ Qərargah və ya aidiyyəti qurumlar xəstələrin ərzaq ehtiyacını da qarşılamalıdır”.

Həkimin sözlərinə görə, ailəvi yoluxanların və evdə müalicə alanların sayı çox deyil:

“Ona görə də hesab edirəm ki, həmin ailələr yerli icra hakimiyyətləri, bələdiyyələr və yaxud könüllülər vasitəsilə zəruri qida məhsulları ilə təmin edilə bilərlər. Bu işdə Çevik Polis Alayı, yaxud ərazi üzrə bölmə və sahə müvəkkilləri də hansısa formada dəstək ola bilərlər”.

Qeyd edək ki, ailə üzvlərinin hamısının yoluxması halında onların qida təminatı ilə bağlı hər hansı təlimat yoxdur.