Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qusar rayonu Cibir kənd sakini, Vətən Müharibəsinin şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası Rübabə Şıxmət qızı Kəlbiyeva ilə görüşüb.
Qazilər.az xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.
Söhbət zamanı şəhidin döyüş yolu xatırlanıb, onun snayper və kəşfiyyatçı kimi peşəkarlığı ilə seçildiyi, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilib.
“Murad Kəlbiyev Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib.
Murad kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.
Q.Paşayeva şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
