"Formula 1" ailəsinin təcrübəli pilotu Jül Byankinin vəfatı ilə əlaqədar FIA rəsmi müraciət yayıb.
Trend Azərbaycan Avtomobil Federasiyasının saytına istinadən məlumat verir ki, müraciətdə Beynəlxalq Avtomobil Federasiyası 24 yaşlı sürücünün vaxtsız vəfatından kədərləndiyini və fransalı pilota aid 17 nömrənin heç kimə verilməyəcəyini bildirib.
Rəsmi sənəddə yazılır: “Formula 1-də pilotlar öz avtomobillərinə nömrəni özləri seçir. FIA hesab edir ki, Jül Byankiyə aid 17 nömrə heç kimə verilməsin və bu nömrə təcrübəli sürücüdən xatirə kimi saxlanılsın”.
Xatırladaq ki, J.Byanki 5 oktyabr 2014-cü ildə Yaponiya Qran-prisində qəzaya uğrayıb. Ciddi kəllə-beyin zədəsi ilə Fransaya çatdırılan sürücü bir müddət koma vəziyyətində qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlk gündən koma vəziyyətində olan pilot gecə xəstəxanada da dünyasını dəyişib.
J.Byanki öz karyerasına kartinqlə başlamışdı. Daha sonra Formula 3-də çıxış edən Jül 2011-ci ildə Formula 1-ə “Ferrari” komandasının heyətində test-pilot kimi keçid alıb. 2013-cü ildən isə “Marussia”nın (bu ildən “Manor” adlanır) uğurları üçün çalışırdı. Formula 1-də iki mövsüm çıxış edən fransalı pilot dünya çempionatının 34 mərhələsində qüvvəsini sınayıb. 2014-cü ilin yekununa əsasən o, aktivində 2 xalla 17-ci yeri tutub. Bu, həm J.Byankinin, həm də təmsil etdiyi komandanın ilk uğuru idi.