Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib

Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar  konfrans keçirilib backend

Əməyin mühafizəsi standart, norma və qaydalarına riayət edən şirkətlərə Təşəkkürnamə təqdim edilib

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoformatda konfrans keçirilib.

Qaziler.az bildirir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramil Bayramlı, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmançı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, habelə digər qurumların, sığorta şirkətlərinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. 

Konfransda çıxış edən S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan verib. Ötən dövrdə Azərbaycan əməyin mühafizəsi ilə bağlı BƏT Konvensiyalarını qəbul edib. Bu sahədə mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir. Ölkəmizin Əmək Məcəlləsinin bir çox maddələri əməyin mühafizəsi norma və qaydalarını, prinsiplərini əhatə edir.

BƏT-in təşəbbüsü ilə 2003-cü ildən başlayaraq hər il dünyada Ümumdünya Əməyin mühafizəsi gününün qeyd edildiyini, Azərbaycan da daxil olmaqla 100-dən çox dövlətin bu tədbirə qoşulduğunu  bildirən S.Babayev qeyd edib ki, məqsəd iş yerlərində baş verən bədbəxt hadisələrə, peşə xəstəliklərinin artması probleminə ictimaiyyətin diqqətinin artırılmasıdır. BƏT tərəfindən 2021-ci il üçün Ümumdünya Əməyin mühafizəsi gününün devizi “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” kimi müəyyən edilib. Bu deviz təsadüfi deyil və dünyanı bürüyən, insanları məhv edən  COVID-19 pandemiyasından, eləcə də əmək sferasına vurduğu zərərlərdən dünyanı xilas etməyə istiqamətlənib.

Nazir Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə ölkəmizdə icra olunan, məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbirdən ibarət sosial dəstək paketini qeyd edib. Bildirib ki, dövlət və özəl sektorda muzdla çalışan 1,7 milyon işçinin iş yerləri və əməkhaqqı gəlirlərinin qorunmasına nail olunub. İşçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və əmək haqlarının saxlanması üçün e-sistem üzərindən daimi nəzarət həyata keçirilib.

S.Babayev diqqətə çatdırıb ki, nəticədə özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı azalmayıb, əksinə, 2020-ci ilin əvvəli ilə müqayisədə müqavilələrin sayında 24%  (və ya 154 min) artım müşahidə edilib. Habelə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və  2020-ci ildə 12245 şəxs bu proqramla əhatə olunub.

Digər istiqamətlərdə dəstək tədbirlərini də qeyd edən nazir bildirib ki, əməyin mühafizəsi də prioritet istiqamət kimi diqqətdə saxlanır. 2020-ci ildə əmək və peşə sahəsində beynəlxalq  tələblərə cavab verən milli standartların hazırlanması, ekspertizasının aparılması, mövcud standartların yenilənməsi  məqsədi ilə Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-21) təsis edilib.  Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyən edən 196 milli standartın hazırlanmasına başlanıb, bu günlərdə artıq ilk standart yaradılaraq təsdiqlənib.

S.Babayev vurğulayıb ki, əməyin mühafizəsi sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə işlər daim davam edir, yeni normativ aktlar qəbul edilir. Əmək Məcəlləsinə dəyişikliklə bağlı son layihədə edilən dəyişikliyin 11-i əməyin mühafizəsi ilə bağlıdır. İcbari Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron informasiya sistemi ilə Nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemi (ƏMBAS) arasında inteqrasiya da təmin edilib. Bu sığorta növünə elektron sistem üzərindən nəzarət gücləndirilib. Əməyin Mühafizəsi Mərkəzinin yaradılması üzrə işlər də davam edir, bununla bağlı normativ hüquqi aktın layihəsi artıq razılaşdırılma mərhələsindədir.

Nazir qarşıdakı dövrdə də əməyin mühafizəsi sahəsində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Konfransda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsi Fuad Heydərov Ümumdünya Əməyin Mühafizəsi günü, əməyin mühafizəsi sahəsində aparılan işlər, bu istiqamətdə yeniliklər barədə təqdimatla çıxış edib.

S.Möhbalıyev, M.Musayev, H.Harmançı, A.Əzimova və digərlərinin çıxışları dinlənilib və təqdimatlar edilib. Sosial tərəfdaşlıq müstəvisində əməyin mühafizəsi sahəsində aparılan işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edək ki, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsi standart,  norma və qaydalarına riayət etdiklərinə görə bir sıra şirkətləri Təşəkkürnamə ilə təltif edib.

Belə ki, Nazirliyin e-sistemi üzərindən aparılan təhlillər nəticəsində yüksək təhlükəli iş yerləri olan sahələrdə (tikinti, mədənçıxarma, istehsal və s.) fəaliyyət göstərən, işçi sayı çox olan, əməyin mühafizəsi standart,norma və qaydalarına əməl edən və son 5 ildə istehsalat sahələrində işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnən bədbəxt hadisələrin baş vermədiyi müəssisələr (“AS Texnoservis” MMC, “Paşa İnşaat” MMC, “Agro Dairy” MMC, “Azərgold” QSC, "Tabaterra" QSC, "AZ-GRANATA" MMC və "Qalf Drillinq Saplay FZE" Şirkətinin Azərbaycan Respublikasindaki Filiali, "Hallibörton Yeureyja Limited" Şirkətinin Filiali) seçilərək onlara Təşəkkürnamə təqdim edilib.