Azərbaycan və Özbəkistan arxeoloqlarının əməkdaşlıq istiqamətləri müzakirə olundu

Azərbaycan və Özbəkistan arxeoloqlarının əməkdaşlıq istiqamətləri müzakirə olundu backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi Aysulu İsgəndərovanı qəbul etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüş zamanı orta əsr Özbəkistan keramikası üzrə tanınmış mütəxəssis olan Aysulu İsgəndərovanın təmsil etdiyi elmi-tədqiqat müəssisəsi ilə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edildi. Nəzərə alındı ki, yaxın gələcəkdə iki elmi müəssisə arasında əməkdaşlıq memorandumu tərtib olunsun. Memorandumda əks olunacaq qarşılıqlı əməkdaşlıq — birgə elmi tədqiqat layihələrinin gerçəkləşməsini, elmi tədqiqat əsərlərinin və dövrü elmi nəşrlərin qarşılıqlı abunəsini, hər iki tərəfdən gənc tədqiqatçıların təcrübə mübadiləsini və d. istiqamətlər üzrə uzunmüddətli birgə fəaliyyətləri ehtiva etməsini nəzərdə tutacaq.

Professor Maisə Rəhimova özbəkistanlı qonağa bildirdi ki, tarixi kökləri eyni olan iki xalqın müxtəlif sahələr üzrə, xüsusilə də, elmi tədqiqatlar üzrə birgə əməkdaşlığı yalnız təqdirə layiqdir və qarşılıqlı əməkdaşlıq üzrə fəaliyyət memorandumunun yaxın gələcəkdə tərtibi və imzalanması üzrə işlər, rəhbəri olduğu müəssisə tərəfindən dəstəklənəcəkdir.

Qarşılıqlı anlaşma və səmimi mühitdə keçən görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tarix Dostiyev də iştirak etmişdir.

Diaspora