“Yoluxma sayının aşağı düşməsinə arxayınlaşmayaq” - infeksionistlərdən xəbərdarlıq

“Yoluxma sayının aşağı düşməsinə arxayınlaşmayaq” -  infeksionistlərdən xəbərdarlıq backend

“4 rəqəmli yoluxma sayı bizim cəmiyyətimiz üçün çox yüksək bir göstərici sayılır”

Dünyada yenə koronavirusa yoluxanların sayı artıb,  bir gündə 830 mindən çox insan yoluxub. Ümumilikdə indiyədək COVİD-19-a yoluxanların sayı 146,05 milyon nəfəri keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunur ki, son bir gündə ölənlərin sayı 12,9 mindən çox artaraq 3,09 milyonu ötüb.

Yoluxma hallarının 44%-dən çoxu Cənub-Şərqi Asiyada (365 986) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (228 852), üçüncü yerdə Avropa (165 146) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb - 31 656 636 nəfər. Onun ardınca Hindistan (16 960 172), Braziliya (14 237 078), Fransa (5 390 187), Rusiya (4 762 569), Türkiyə (4 591 416), Böyük Britaniya (4 403  174), İtaliya (3 949 517), İspaniya (3 456 886), Almaniya (3 287 418), Argentina (2 824 652) və Polşa (2 758 856) gəlir.

Azərbaycanda isə son günlər koronavirusa yoluxanların sayında azalma olub. Yazını hazırladığımız zaman yayılan son statistikada qeyd edilirdi ki, 1541 nəfər COVİD-19-a yoluxub, 29 nəfər vəfat edib.

Bəs görəsən, koronavirusa yoluxma sayında azalma müvəqqətidirmi? Getdikcə azalmalar olacaq? Yoluxma sayı bu gedişatla davam edərsə, məktəblərin açılmasına, küçədə maskasız gəzməyə icazə verilməlidirmi? Bu arada vaksin olunanların virusa yoluxub, xəstəliyi ağır keçirmələri barədə də danışılır. Bu və digər suallarla bağlı infeksionistlərin mövqeyini öyrəndik.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev 

Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı fikirlərini bildirib: “Artıq son dövrlər yoluxma sayında enmə tendensiyası var idi. Təxmin edirdik. 

Həqiqətən də azalıb, bu hiss olunacaq dərəcədə görünür. Çünki burada havaların istiləşməsinin də, vaksinasiyanın da rolu böyükdür. Yəni vaksin olunanlar yoluxmur, ya da ən azı yüngül keçirirlər. Xeyli adam da virusa yoluxub, sağalanlar var. Onlarda təbii immunizasiya baş verib. Nəzərə alsaq ki, üzü yay fəslinə doğru gedir, yəqin ki, xəstələnənlərin sayında azalmalar olacaq. Amma maskadan istifadəyə ciddi riayət olunmalıdır. Qaydalara ciddi şəkildə riayət edərsək, onda deyə bilərik ki, azalmağa doğru gediləcək. Karantin, məhdudiyyətlər aradan qaldırılsa, yoluxma sayının artması baş verə bilər. Hələ tam azalma olana qədər dərslər də hələlik onlayn şəkildə olsa yaxşı olar. Yəni yoluxma sayı get-gedə azalmalıdır. Bu müddət həssas dönəmdir. Məktəblərin açılması virusa yoluxanların çoxalmasına səbəb ola bilər".

İnfeksionist vətəndaşların vaksindən sonra  ağırlaşması ilə bağlı məsələyə də münasibət bildirib: “Vaksin iki doza vurulmalıdır, ikinci doza 10-15 gün keçəndən sonra artıq qoruyur. Əgər birinci dozanı vurdurubsa, 15 gün keçibsə, təbii ki, yoluxub xəstəxanalıq ola bilər. Biz də insanlardan eşitmişik, araşdırmışıq, vaksin vurdurmuşam, yenə xəstələnmişəm deyir, sonradan məlum olub ki, birinci vaksini vurub üstündən 10 gün keçib, ikinci dozanı vurdurmayıb, xəstələnib. İkinci dozanı vurduranlarda 10 gün keçibsə, problem olmur. İkinci doza 28 gündən sonra vurulur, ona qədər mütləq qorunmaq lazımdır”.

Vüqar Cavadzadə: Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə,  antiviral preparatlar qəbul edirlər - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Vüqar Cavadzadə

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azalmalar var, biz özümüz də xəstə sayının azalmasından bunu müşahidə edirik. Epidemik alovlaşmanın pik nöqtəsini keçdik. Bundan sonra azalmağa doğru gedəcək. Amma dünən 1600 civarında idi, bu da 4 rəqəmli yoluxma sayı olaraq bizim cəmiyyətimiz üçün çox yüksək bir göstərici sayılır. Bu göstərici hələ o demək deyil ki, maskadan azad olmalıyıq. Maskadan azad olsaq, yenidən virusa yoluxanlar arta-çoxala bilər. Bu gedişlə davam etmək lazımdır, insanlar qaydalara riayət etməlidir, maska taxmalıdır, epidemik cəhətdən müşahidə aparmaq lazımdır ki, görək növbəti günlərdə vəziyyət necə olacaq. Təbii ki, bu fonda da insanlar vaksinasiyaya sürətlə müraciət etməlidirlər. Nə qədər çox insan vaksin olunarsa, bir o qədər insanın yoluxub-sağalması azalar".

V.Cavadzadə qeyd edir ki, hələlik bu yoluxma sayı ilə məktəblərin açılması düzgün deyil: “Əgər yoluxmalar kəskin azalarsa, 200-400 nəfərə düşərsə, bu barədə fikirləşmək olar. Məktəblərin açılması barədə düşünmək hələ çox tezdir.

Ümumiyyətlə, yoluxma sayı hər zaman arta bilər. Çünki artımlar olub, biz görmüşük. Hər zaman arta bilər, fərqi yoxdur, qış, yaxud yay fəsli olsun. Keçən il yayda da artım olmuşdu, xəstələr daha ağır keçirmişdilər. Nəzərə almalıyıq ki, qarşıdan yay ayları gəlir, elə edək ki, artım olmasın, sərt karantin tətbiq edilməsin. İnsanlar  heç olmasa yayda açıq havada, rayonlarda istirahət edə bilsinlər ki, qışa hazırlıqlı olsunlar, immunitetləri möhkəm olsun. Çünki koronavirusun nə vaxt bitəcəyini biz hələ bilmirik".

Bu arada “Microsoft” şirkətinin yaradıcısı, milyarder Bill Qeyts deyib ki, koronavirus pandemiyası 2022-ci ilin sonunda bitəcək. Onun sözlərinə görə, həmin dövrə qədər dünyada COVİD-19 peyvəndinin kifayət qədər dozası istehsal ediləcək.

O, ABŞ və İngiltərə də daxil olmaqla, zəngin ölkələrdə vaksinasiyanın yüksək yayılmasına diqqət çəkib.

“Bu, bir müddət sonra yoxsul ölkələrin peyvəndlə təmin olunmasına imkan verəcək" - deyə o bildirib.

Milyarder koronavirusun tamamilə yox olacağına inanmadığını, ancaq 2022-ci ilin sonunadək gündəlik yoluxma hallarının çox aşağı rəqəmlərə enəcəyini vurğulayıb.

Qeyd edək ki, ölkəmizdə bugünədək vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 197 təşkil edir. (Yeni Müsavat)


 

Diaspora