Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə məlum səfəri ilə, orada Azərbaycan dövlətinə və ölkəmizin ərazi bütövlüyünə qarşı etdiyi çıxışlarla və çağırışlarla bağlı “Эхо Москвы” radiosunun canlı efirində müsahibə verib.
QAZİLER.AZ saytının məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibə zamanı aparıcı Vladimir Varfolomeyev Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən G.Sterliqova qarşı cinayət işinin qaldırılmasının səbəbləri ilə bağlı sual verib.
Suala cavab olaraq səfir bildirib ki, Dağlıq Qarabağ rəsmi olaraq bütün dövlətlər, o cümlədən Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazi kimi qəbul edilir. Bu terminin münaqişə ilə bağlı beynəlxalq qətnamə və sənədlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə əks olunduğunu, Rusiyanın da Şuranın üzvü kimi bu qətnamələrə səs verdiyini, sözügedən ərazilərin de-yure Azərbaycan əraziləri olduğunu və burada Azərbaycan qanunlarının tətbiq edildiyini deyən P.Bülbüloğlu bütün dünya dövlətlərinin ölkəmizin ərazi bütövlüyünü tanıdığını qeyd edib.
Münaqişənin gec-tez həll olunacağına əminliyini bildirən səfir hər bir insanın işğal olunmuş ərazilərə səfər etməklə bağlı cavabdehlik daşıdığını deyib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Qara siyahı”sında adları qeyd olunan şəxslərin Azərbaycan tərəfinə əsaslı müraciət edəcəyi təqdirdə həmin şəxslərin adlarının sözügedən siyahıdan çıxarılması məsələsinə baxıla biləcəyini bildirib. Lakin konkret olaraq G.Sterliqovun məsələsinə gəldikdə P.Bülbüloğlu qeyd edib ki, bu şəxs işğal altında olan ərazilərə qanunsuz səfərdən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmaq cəhdlərindən əlavə, qondarma rejimin “müstəqilliyi”nin tanınması, jurnalistlərə, müxtəlif iş adamlarına dəvətlər edib ki, bu da Azərbaycan dövlətinə, ölkəmizin ərazi bütövlüyünə qarşı çağırış kimi qəbul olunur. Buna görə də Azərbaycan Respublikasının “Dövlət sərhədi”, “Pasportlar haqqında” qanunlarının və ən əsası Miqrasiya Məcəlləsinin ciddi şəkildə pozulması səbəbindən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işinin başlandığını söyləyən P.Bülbüloğlu G.Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarını həmin zonaya səfər etməkdən çəkinməyə çağırıb.
P.Bülbüloğlu G.Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək məsələ ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun məşğul olduğunu deyib və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan ilə Rusiya arasında mövcud olan geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə ediləcəyini vurğulayıb.
Canlı efir zamanı G.Sterliqovun işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, ölkəmizin buna sərt reaksiyası ilə bağlı sorğu aparılıb. Səs verənlərin 78 faizi Azərbaycanın mövqeyini dəstəkləyib.