23 yaşlı şəhid leytenant Aqil Məcidovun döyüş yolu - FOTO

23 yaşlı şəhid leytenant Aqil Məcidovun döyüş yolu -  FOTO backend

44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri sırasında şəhid leytenant 23 yaşlı Aqil Məcidov da olub.

Şəhid leytenant Məcidov Aqil Aydın oğlu 3 aprel 1998-ci ildə Tovuz rayonunda anadan olub. 2006-cı ildə Tovuz rayon Nəsrəddin Tusi adına Təbiət və Texniki fənlər təmayüllü liseyin 1-ci sinfinə daxil olub. 2011-ci ildən A.S.Puşkin adına orta məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra arzusunda olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

2020-ci ildə Hərbi məktəbi Motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirib. Leytenant rütbəsi verilərək Beyləqan rayonuna təyinat alıb.

Leytenant Aqil Məcidov 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Aqil müharibənin başlamasından 10 gün əvvəl ailəsi ilə görüşmək üçün evinə gəlib və hər kəslə bir-bir görüşərək halallaşıb. Sentyabrın 27-si müharibə başlayan vaxt yenidən atası, anası, qardaşları və bacıları ilə əlaqə saxlayıb, hər şeyin yaxşı olduğunu, qələbə qazanacaqlarını böyük fəxr və qürur hissi ilə deyib.

Hətta şəhid anasının sözlərinə görə, son dəfə danışarkən oğlu ona irəli gedəcəklərini deyib:

“Dedi ki, ana, biz irəli gedirik. Hər şey ola bilər. Mənə bir şey olsa, ağlama, başını dik tut! Təki Vətən sağ olsun. Məni bağışla, ana”.

Vətən müharibəsi başladıqdan sonra göründüyü kimi çox qısa zaman ərzində Azərbaycan ordusu çətin hərbi tapşırıqları uğurla yerinə yetirdi. Bütün hərbi mütəxəssislərin də qeyd etdiyi kimi müharibə gedişində ən çətin vəzifə məhz düşmənin 1-ci müdafiə səddini yarmaq olub. Leytenant Aqil Məcidov 28 sentyabr tarixində Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin döyüş yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən danışıb. Şəhid leytenant Aqil Məcidovun Azad adlı əkiz qardaşı var. Onun arzusu olub ki, qardaşı ilə birlikdə səngərdə döyüşsün. İki qardaş bir-birinə çox bağlı idi. Hara getsələr, bir yerdə gedər, bir-birinə arxa-dayaq olardılar. Aqil arzusuna çatdı. Vətən uğrunda qardaşı ilə birlikdə mübarizə apardı.

Aqil Məcidov şəhid olarkən qardaşı Azad da həmin istiqamətdə döyüşlərdə olub.

Diaspora