“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb backend

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Qazilər.az xəbər verir ki, aprelin 20-dək fondda 31 020 243.38 manat vəsait toplanıb.

Bildirilib ki, indiyə qədər 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla ümumilikdə 14 240 şəxslə görüşülüb, ehtiyacları qeydə alınan (yashat.gov.az saytında) və 5 775 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb.

Fondun fəaliyyət istiqamətləri üzrə 19 146 142.77 məbləğində vəsait xərclənib, onlardan:

1. məişət şəraitinin yaxşılaşdırılması – 1 331 şəhid ailəsi üzvü, 1 605 yaralı və 6 itkin ailəsi üzvü
2. təhsil – 33 şəhid ailəsi üzvü, 2 yaralı
3. İstehlak kreditləri – 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvü
4. tibb – 621 şəhid ailəsi üzvü və 176 yaralı

Yeni doğulan 59 şəhid övladının zəruri tibbi xərcləri qarşılanıb, hər bir uşağın adına bank hesabı açılaraq 5.000 manat depozit qoyulub, şəhid övladı 18 yaşına çatanda üzərinə faiz gəlmiş depozitini istifadə edə biləcək.

63 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 7–i sağalaraq geri qayıdıb.

"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 30 nəfər əməliyyat edilib, onlardan 5 nəfərin görmə qabiliyyəti bərpa olunub, 1 nəfər göz yaşı kisəsinin bərpası və protez göz qoyulması üçün əməliyyat edilib, 4 nəfər isə göz qapağının bərpası üçün plastik əməliyyat olunub.

51 nəfərə protez göz qoyulub, 4 nəfər üçün protez göz sifariş olunub, 1 nəfər protez qoyulmasından imtina edib, 82 nəfər isə sadəcə müayinə edilib.

Martın 10-da Türkiyədən dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib.

10 mart – 13 mart 2021-ci il tarixdə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmiş, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilmişdir. Eyni zamanda Türkiyədə müalicə alan ağır yaralılar ziyarət olunub.

“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə 17 mart – 18 mart 2021-ci il tarixdə 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak ediblər.

18 mart - 21 mart 2021-ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.

Aprelin 16-da Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

“YAŞAT” Fondu ilə Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ilə, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi arasında şəhidlərin övladlarına ödənişsiz, əlilliyi müəyyən edilmiş şəxslərin övladlarına isə 50% güzəştlə təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb.

Sözügedən təhsil müəssisələrinə şəhid və yaralananların övladlarının qəbul edilməsi üçün imtahanlar davam edir.

YAŞAT fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir.

Diaspora