“Azərbaycan saatı”nın nazirə qarşı qərəzi
Çoxdandır Bakıda yoxam. Bir ara internet də işləmədiyindən informasiya aclığımı doyurmaq üçün “Azərbaycan saatı” proqramını izləməli oldum. Nə görsəm yaxşıdır? Alternativ fikir, informasiya adına qarayaxma kampaniyası! Hədəf əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) və Ağsu rayon icra hakimiyyəti idi. Tətiyi çəkən Ağsuda hansısa məcburi köçkün ailəsinin problemində icra başçısını günahlandırıb, etik normaya sığmayan sözlərlə onu və qohumlarını təhqir atəşinə tutandan sonra başçının bacısı oğlunun ƏƏSMN naziri olmasını xüsusi vurğuladı. Yəqin ki, məcburi köçkünlərin probleminin həllinin “Qaçqınkom”un üzərinə düşməsini bilməyən yoxdur. Amma “saat”ın saat ərzində problemə aidiyyəti olmayan dövlət qulluqçularını hədəf alması diqqətdən qıraqda qalmadı. Növbəti “alternativsiz” çəkiliş qonşu Şamaxı rayonundan YAP üzvü olan şəxsin şikayəti ilə bağlı idi. “Yapçı” Şamaxı sosial müdafiə fondunun sədrindən yanıqlı idi və fond sədrinin arxasında ƏƏSMN rəhbəri dayandığını onların tələbə yoldaşı olması ilə əsaslandırdı. Artıq nazirə qarşı kiminsə sifarişi ilə qarayaxma kampaniyası aparılması şübhəsizdi. Ağsu rayonunun nazirin və qohumlarının icarəsində olması barədə əslən Şamaxıdan olan aparıcının dedikləri isə heç bir məntiqə sığmır. Bəri başdan deyim ki, özüm də nazirin çox yaxın qohumuyam və rayonda kimisə, nəyisə icarəmə götürməmişəm. Belə bir şey olsaydı, yəqin mənə də icarə haqqından pay düşərdi. Yəqin aparıcı idarəçilik demək istəyib, sadəcə dili dolaşıb. Kiminsə kimlə tələbə yoldaşı olmasının isə, Məşədi İbad demiş, məsələyə dəlaləti ola bilməz. Belə çıxır, “saat”ın aparıcısına nazir və icra başçısı barədə “donos”u onların kəndindən olan tələbə yoldaşı verib? Hər halda Qənimət bəy bizim Pirhəsənli kəndindən olan tələbə yoldaşı Seymur Babayevdən fikir öyrənməmiş olmaz.ƏƏSMN hər çağ diqqətdə olub. Mətbuat, yönündən asılı olmayaraq, bu nazirlikdən nəsə qoparmaq amacı güdüb. Ortalıq 15 ilin sözüdür. Aparıcı qəzet redaktoru kimi bir şəxs hazırda öz saytı olan işçisini ƏƏSMN-ə “iş” dalınca göndərir. O da görülən “iş”in 20 faizlik məbləğini cibinə qoyur. Təbii ki,” əmanətə xəyanətə” görə anında işdən uzalaşdırılır, amma yaratdığı “qeyri-hökumət təşkilatı”na yetərincə informasiya dəstəyi verilməsi təmin olunur.
Bizim Pirhəsənli kəndinin yurddaşları Naxçıvanda, Ağdamda və başqa bölgələrdə yurd salan Kəngərli tayfalarındandır. Yəqin elə buna görə bizim kəndi Ağsunun Naxçıvanı da adlandırırlar. Amma təkcə buna görə yox. Naxçıvan kimi bizim Pirhəsənli də ziyalıları, dövlət və ictimai xadimlərilə tanınıb. Pirhəsənli hər çağ dosta arxa-dayaq, düşmənə xəncər-bıçaq olub. Kənd igidləri, igidlikləri ilə dilə düşüb. Bizim kəndin ən görməli yeri isə onun qəbiristanlığıdır. Neçə yaşı var, bilinmir. Çox qəbir daşları yerlə bir olub. Daş qəbirlərin mərmərləşməsi, hasara alınması prosesi gedir. Qəbiristanlıqda yatanlar daha sıx, bir qəlbdədirlər. Elə bil kəndin balaca xəritəsidir bu torpaq parçası. Daha burda da yer qalmayıb, şəhidliyi də əldən verdik. Görəsən son mənzilimiz hara olacaq? 4 il öncə dünyasını dəyişən riyaziyyatçı məktəb direktoru qardaşım (ondan yaxşı qardaş yox idi) Bakıda ağır əməliyyat keçirəndə aparıcı qəzet yazarları onun Qarabağ savaşı veteranı oğlunun kimisə döyməsindən elə “alternativ” yazı dərc etmişdi ki, “dəymişimiz dura-dura kalımız tökülmüşdü”. 40 ilin sözü olar. Qardaşım o zaman 4 ya 5-ci sinifdə oxuyan şagirdinin riyazi biliyindən ağız dolusu danışıb, beşmərtəbəli evin mərtəbələri arasında toplam 104 pilləkən varsa, hər mərtəbə arası neçə pilləkən olması barədə məsələni anında həll etməsini vurğuladı və məktəbin ümidinin ona olmasını gizlətmədi. Bu şagird indiki ƏƏSM naziri olub! Bir sözlə, qarayaxma kampaniyasının heç bir əsası yoxdur. Kimsə iç savaşına meyllidirsə, dostu düşmənə çevirəcək. Bizə qardaş savaşı gərəkirmi?
P.S.104-ü 5- qalıqsız bölə bilənlərin cavabını gözləyirik.
Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili