Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq əzabı...

Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq əzabı... backend

Talanmış yurdda, külü göyə sovrulmuş ata ocağında salamat qalan arzular...

 

Sovetlərin çöküşünə az qalmış başlayan erməni fitnəsi üzündən Kəlbəcər-Ağdərə yolunun bağlanması dörd bir yandan mühasirədə qalmış Kəlbəcərin xilası üçün təxirəsalınmaz qərarlar qəbulunu zəruri etdi. Kiçik Qafqazın ən hündür dağı olan Murovun zirvəsindən - Ömər aşırımından çəkilən yol rayon əhalisi üçün blokadadan qurtulmağın tək çarəsi oldu. Elə 93-cü ilin aprelin 2-də Kəlbəcərin işğalı zamanı ikinci Xocalı qətliamının təkrarlanmaması üçün Ömər aşırımı həyat yolu rolunu oynadı. Xoşbəxtlikdən həmin vaxt ikinci Xocalı təkrarlanmadı, amma Kəlbəcərin Başlıbel kəndində min illər boyu ermənizmə lənətlə xatırlanacaq qətliam baş verdi. Həmin faciə bizim ailədən də yan keçmədi və nənəm 20-dən artıq kənd sakini kimi ermənilər tərəfindən qətlə yetirildi, bu azmış kimi evimiz yandırılaraq onun cəsədinin götürülməsi bu günədək mümkün olmadı...

Beləliklə, 93-cü ilin aprel günlərində Kəlbəcəri işğal edən namərdlər təkcə nənəmi, bu dərdə dözməyib vaxtsız dünyasını dəyişən atamı deyil, uşaqlıq xatirələrimi, yaşamağa macal tapmadığım gəncliyimi də əlimdən aldılar...

Bir vaxtlar Dəlidağın tam dibində yerləşən Başlıbel Kəlbəcərin ucqar olsa belə, ən böyük, ən abad kəndi idi. 28 il sonra kəndə ilk təmasımızda isə hər şey xarabalığı xatırladırdı. Kənddəki bir çox evlər kimi bizim də evimiz tamamilə yandırılmışdı. Dəhşətli mənzərə idi, alovun şidddətindən daşlar elə qovrulmuşdu ki, əl vuranda ovulub tökülürdü. Bir neçə dəqiqəlik emosional ovqatın təsirindən qurtulub axtarışlara başlayıram. Xarabalıqlar içərisindən evdə özümlə götürəcək və ailə üzvlərimizin xatırlayacağı bir əşya, bir əlamət tapmağa çalışırdım. Amma hər dəfəsində qovrulmuş torpaqdan, bişərək bir toxunuşda ovulan daşlardan başqa əlimə heç nə keçmirdi. Sadəcə bir domino daşı tapa bildim 50 santimetr qazdıqdan sonra kömür kimi yanaraq qaralmış döşəmənin üzərindən. Maraqlıdır ki, nəinki yanmamışdı, tamamilə salamat qalmışdı. O domino daşı viran qoyulmuş evimizdən salamat qurtulduğu ilə sanki mənə yanmışlıq verirdi. Amma bəlkə də yanılıram, bunca məşəqqətə və itirdiklərimə rəğmən salamat qalan arzularım da var axı. Bəli, itirdiyimiz 28 ilin boşluğunu dolduracaq arzular. Bu arzulara qovuşmaq bizlərə nəsib olacaqmı? Aləmlərin Rəbbi bizə daha bir daha bir şans tanıyacaqmı? Nikbinəm. Çünki dünyanın səkkizinci möcüzəsini öz gözlərimizlə görmüş nəsilik. Uca yaradan 44 günlük Zəfər Savaşını yaşamaq və bu xoşbəxtlikdən öz payımızı almağı nəsib edibsə, niyə ilk baxışda əlçatmaz kimi görünən arzuları beynimizdən, qəlbimizdən keçirməyək?

Yaranışdan insan oğlunun kimlərəsə verdiyi sözlər olur. Amma elə sözlər var ki, onları yerinə yetirmək sənin üçün təkcə namus deyil, həm də ölüm-qalım məsələsinə çevrilir. İllər öncə mənim mərhum atama verdiyim sözlər kimi. Hər ay mümkün qədər Bərdədə uyuyan valideynlərimin məzarını ziyarət etməyə çalışıram və qəribə də olsa onlar mənim bu dünyadakı rahatlıq tapdığım ən mötəbər, ən qayğıkeş həmsöhbətlərimdir. Kəlbəcər işğaldan azad olunan günü də Bərdədə yas yerində idim. Bu dəfə valideynlərimin məzarını başqa bir ovqatla ziyarət elədim və əlimi atamın məzar daşına qoyaraq "Rəbbim ruhunu şad edəcək bir ilahi fürsət verdi, sənə söz verirəm ki, sənin ananın - mənimsə Pəri nənəmin cəsədinin qalıqlarını taparaq Başlıbeldəki qətliam qurbanlarının uyuduğu kütləvi məzarlıqda dəfn edəcəyəm və həmin məzarın torpağından gətirib sənin narahat ruhunu şad edəcəm" dedim. Amma...

Amma ilk cəhdim uğursuz oldu. Aprelin 18-də qətliamın ildönümü ərəfəsində həmin qırğın zamanı 113 gün dağlarda gizlənən kənd sakinlərinin bir neçəsi ilə viran qalmış Başlıbelimə - planetin bənzərsiz təbiət möcüzəsinə, Allahın yer üzündəki misilsiz xəzinəsinə üz tutduq...

Məlumat üçün bildirim ki, Ali Baş Komandan İlham Əliyevə müraciətim cavabsız qalmadı və fevralın 5-də prezidentin təkcə köməkçisi deyil, həm də sınaqdan çıxmış etibarlı əsgəri - dəyərli Hikmət Hacıyev məni qəbul edərək səfər proqramını razılaşdırdıq. Amma fevralın 15 - də və martın 5 - də Kəlbəcərə getməyimizi iqlim şərtləri əngəllədi. Son illərin ən çox qar yağan Murov sanki bizi öz sərt və bumbuz üzü ilə Kəlbəcərə buraxmamağa çalışdı. Nəhayət, aprelin 15 - də o gözəl vətənə ayaq basa bildik. Amma viran qoyulmuş və yandırılmış evimizdən nənəmin cəsədini tapmaq üçün ayrılan vaxt bəs etmədi, bunun üçün gərək evdən bir neçə "Kamaz" daş və torpaq çıxarmaq lazım idi. İsrarımıza rəğmən bizi səfər boyu müşayət edən hərbçilər və sonradan bizə qoşulan televiziya əməkdaşları yubanmadan geriyə qayıtmağımızı təkid etdikdə sanki evimiz ikinci dəfə başıma uçdu.

 

Çarəsizlikdən nənəmin skletlərinin olduğu yeri təxmin edərək oradan torpaq götürdüm özümlə. Kəndimizdən çıxdıqdan 9 saat sonra gecə saat 00.15-də Bərdəyə çatdıq. Səhərisi məzarlığa getməyə qorxurdum, atamın başdaşından dillənərək "verdiyin sözü tuta bilmədin" deyəcəyindən qorxurdum. Amma özümü toparlayaraq məzarlığa getdim və gətirdiyim torpağı bir dibçəyə tökərək bənövşəyi rəngli təbii güllə günahımı "yumağa" çalışdım. Deysən səmimiyyətimə inandı narahat ruhlu atam. Ürəklənib yenə söz verdim. Nəyin bahasına olur olsun, nənəmin qalıqlarını taparaq islam dininin adətlərinə uyğun dəfn edəcəyimə söz verdim. Ürəyimə damıb ki, Allah ikinci səfərimdə mənim üzüqara, əliboş dönməyimə qıymayacaq. 

Şükrlər olsun ki, Allah bizləri Kəlbəcəri yenidən görməyi nəsib elədi. Amma çoxları Kəlbəcər deyə-deyə köç elədi erməni xəstəliyinə mübtəla olmuş bu namərdə dünyadan. Bu azmış kimi bir çox adətlərimizi və xasiyyətimizi də yadırğamağa başladıq 280 ilə bənzər bu 28 ildə. Bu baxımdan Məmməd Aslanın "Qayıtsa min Kəlbəcər o Kəlbəcər qayıtmaz" misraları Quran ayəsi kimi deyilmiş sözlərdir. İnşallah tezliklə kəlbəcərlilər də qayıdacaq. Amma Məmməd Aslan demişkən, o Kəlbəcərə, o Başlıbelə qayıtmaq bir daha mümkün olmayacaq. Çünki ermənilər o Kəlbəcəri əlimizdən aldılar, xeyirimizi-şərimizi də, adət-ənənələrimizi də, yaxşı-pis vərdişlərimizi də. Kəlbəcərə 28 ilin ağrı-acısını iliyinə-qanına hopdurmağa məcbur olmuş köhnə kəlbəcərlilər yeni ovqat və xasiyyətlə dönəcəklər. Uca Allah yeni Kəlbəcərimizdə, Başlıbelimizdə bizləri utandırmasın. Könül istər ki, bir zamanlar Azərbaycanın ən qonaqpərvər el-obası kimi ad çıxarmış kəlbəcərlilər bu "zirvə"ni kimsəyə verməsin. Bir sözlə, yeni Kəlbəcərimizdə görüşənədək. İntizarla məskunlaşmanı gözləyirik, bundan sonra hamınız xoş gəlirsiniz, səfa gətirisiniz, gözümüz üstündə yeriniz var...

Başlıbelə ilk səfərimizdə Azərbaycan və Türkiyənin bayraqlarını da götürmüşdüm. 44 günlük savaşın qəhrəmanlarından şəhid polkovnik-leytenant Zaur Cəfərovun doğulduğu evə və kəndimizin daha bir şəhidinin - Namiq Əbdüləliyevin məzarına bayraq sancmağı qarşıma məqsəd qoymuşdum. Zaurun ruhunu şad edə bilsəm də vaxt məhdudluğundan kəndimizdən nisbətən uzaqda olan ikinci qəbiristanlığa getməyə macal tapmadığımdan Namiqə də borclu qaldım. İnşallah növbəti səfərimizdə həmin bayraq dəstini haqq etdiyi ünvana sancmağa çalışacam. Bir az möhlət... 

Zülfiqar Hüseynzadə,
Moderator.az