Əfsanəvi general əməkdar artisti mükafatlandırıb - FOTO

Əfsanəvi general əməkdar artisti mükafatlandırıb -  FOTO backend

Azərbaycan Ordusunun zəfəri ilə başa çatan Vətən müharibəsində hər birimiz tarixi qələbəmizə öz töhfəmizi verməyə çalışırdıq. Məhz bu birlik sayəsində ərazilərimiz erməni işğalından azad edildi.

44 gün davam edən savaşda və sonrakı günlədə Ordumuza daim mənəvi dayaq duran, ön xətdə əsgər və zabitlərlə görüşən sənət adamlarından biri də Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalov idi. Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə daim döyüş bölgələrinə səfər edir, ifası ilə əsgərlərimizi ruhlandırır, şəhid ailələrinə, qazilərimizə baş çəkərək onlara maddi dəstək göstərirdi. İstedadlı sənətçinin Vətən müharibəsi zamanı göstərdiyi bu fəaliyyət və vətəndaşlıq mövqeyi diqqətdən kənarda qalmayıb. Parlaq Qələbəmizin əfsanəvi qəhrəmanlarından sayılan, general-mayor Hikmət Həsənov Əməkdar artist Elnur Zeynalovu Fəxri fərmanla təltif edib. “Madagiz Fatehi” ləqəbi ilə tanınan, “Qarabağ” ordenli generalın imzaladığı sənəddə tanınmış xanəndənin Vətən müharibəsində fədakarlığı və arxa cəbhədə döyüş təminatlı tapşırıqların yerinə yetirilməsindəki xidmətləri xüsusi qeyd olunub.

Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalov Reyting.az-a açıqlamasında göstərilən diqqətə görə təşəkkür edib: “Həqiqətən də Azərbaycan dövləti və xalqı tarixi bir qələbə qazandı, doğulub boya-başa çatdığım Ağdam, cənnət Qarabağın digər əraziləri erməni işğalından azad olundu. Bundan böyük sevinc ola bilməz. Mən də bir vətəndaş və sənət adamı kimi yağı düşmənlə vuruşan igid əsgər və zabitlərimizə dayaq durmağa çalışır, qələbəyə ruhlandırırdım. Sağ olsunlar ki, mənim fəaliyyətimi qiymətləndiriblər. Bundan sonra da hər zaman Ordumuza ifamla, sənətimlə kömək etməyə hazıram.

Mükafata, təltiflərə gəlincə, düşünürəm ki, hər bir Azərbaycan övladının ən böyük mükafatı Ali Baş Komandanın Şuşada dalğalandırdığı üç rəngli bayrağımızdır!”

Diaspora