Vətən müharibəsi zamanı öz maşını ilə cəbhəyə yollanaraq nəqliyyat vasitəsini Füzulinin Horadiz qəsəbəsində qoyub 3 ay Qarabağ döyüşlərində iştirak edən qazi Şahin Amanovun başına maraqlı, eyni zamanda gülməli əhvalat gəlib. Bu barədə o öz feysbuk səhifəsində paylaşım edib.
Qaziler.az paylaşımı olduğu kimi təqdim edir:
"Müharibəyə necə getməyimi yaxınlar bilir. Hərbi Komissarlığı boğaza yığmışdım. Axırda məni aparmağa maşın da vermədilər, komissarlığın qabağında maşınıma sığacaq qədər adam götürüb öz maşınımla getdim.
Bütün bunları özümü tərifləməkçün demirəm - sözümün canı var. Uzun sözün qısası, öz maşınımla (mülki olduğu üçün) ancaq Füzulinin Horadizinə kimi gedə bildim (ordan irəliyə isə hərbi postdan ancaq hərbi maşınlar keçə bilirdi). Nəysə ki, maşın qaldı Füzulidə, özüm getdim qabağa. Mən savaşda olduğum 3 ay müddətində maşınımın icbari sığortasının vaxtı bitər, məlum, cəbhədə olduğuma görə mobil internet və şəbəkə problemi yaşandığından hər il sığortanın vaxtına 1-2 ay qalmış gündə 15 dəfə zəng edib adamı dəng edən qızlar (sığorta işçiləri) mənə xəbər edə bilməz, mənim də xəbərim olmaz, xəbərim olsa da belə Zəngilanda dağın başında texniki resurslarım olmuş olsaydı da özüm o hayda deyildim. Tərxis olandan sonra Zəngilandan gəlib Horadizdə maşınıma oturub evə gələndə yolda sığortaya görə radara düşübmüşəm. Bakıya çatandan 1-2 gün sonra özümə gəlib sığortanı online etdim. Bir neçə gündən sonra yolda DYP saxlayıb dedi ki, ödənməmiş cəriməniz var. İzah etdim ki, mənə cərimə yazılan tarixdə mən də, maşınım da müharibədə olmuşuq-yəni, ikimiz də qaziyik))
Yol polisi məsləhət gördü ki, Baş Dövlət Yol Polis İdarəsinə gedim, orda cəriməni silərlər.
Bir dəfə də vaxt edib ordan keçəndə döndüm Baş DYP-yə. Orada da dedilər: "Saytımıza online müraciət etmək lazımdır"....
Axşam gəldim evə, eləmə tənbəllik, oturub müharibə yolum haqqında daşdankeçən bir məktub yazdım DYP-nin saytına. Üstündən bir neçə həftə keçəndən sonra poçtdan məktub gəldi: "Müraciətinizə baxılması üçün məktubu BDYP İdarəsi göndərdi Nizami Rayon DYP İdarəsinə". Üstündən bir neçə həftə də keçəndən sonra Nizami Rayon DYP İdarəsindən məktub gəldi: "Cərimənizi bank, poçt və ya internet vasitəsilə ödəyə bilərsiz".
Ürəkləri soyumayıb, sonra da telefonuma bir sms göndəriblər ki, cəriməni vaxtında ödəmədiyinizə görə üstünə dəbbəpulu hesablanmağa başladı.
Bilsəydim cəbhədən gələndə 5-10 dənə də dəbilqə mən gətirib satardım, heç olmasa cərimənin pulu çıxardı..."

