Ermənilərin demədiyi nə qaldı?!.

Ermənilərin demədiyi nə qaldı?!. backend

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də və 13-də iki mühüm tədbirdə iştirakı etdi və mühüm çıxışları oldu. 12 apreldə Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı açıldı, 13 apreldə isə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirildi.

Respublikamızda indiyədək müxtəlif parklar, muzeylər (o cümlədən Naxçıvanda “Döyüş Şöhrəti Muzeyi”, Qubada “Şəhidlər Muzeyi”, “Quba Soyqırımı Memorial Kompleksi”, Lənkəranda “Həzi Aslanovun Ev-Muzeyi”, Bakıda “Şirvanşahlar Saray Kompleksi”, “Azərbaycan İstiqlal Muzeyi” və b. mühüm ünvanlar) açılıb. Lakin vətəndaşlarımızın və xarici qonaqların üzünə açılan bu ünvanların heç biri Hərbi Qənimətlər Parkının məna-mahiyyətində olmayıb. Hərbi Qənimətlər Parkı öz planında, fakturasında və fəlsəfəsində ölkəmiz üçün bir ilkdir – mübarək işdir və dünyada da oxşarına çox rastlandığı deyilə bilməz.

30 illik işğaldan sonra əldə edilmiş tarixi qələbəni simgələyən, özü də “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı Parkının yanıbaşında – onunla eyni rayonda və ona paralel yerləşmiş bir unikal parkdan danışırıq. Azərbaycan Prezidentinin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlis bildiyinin daha bir parlaq təcəssümüdür bu Park. Hərbi Qənimətlər Parkı qürur parkıdır, inam parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır, yaralı qazilərmizə şəfa parkıdır, bütün döyüş iştirakçılarına minnətdarlıq parkıdır!

Özəlliklə uşaq və gənclərimiz üçün çox önəmli bir ziyarət yeri yaranmışdır paytaxtımızda. Bir daha mübarək olsun və bir daha dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq!

Bəli, Şanlı Qələbəmiz də, onu estetik baxımdan əla şəkildə simgələyən Hərbi Qənimətlər Parkı da Azərbaycanın qüdrətinin göstəricisidir! Azərbaycan öz intiqamını düşməndən xalq-dövlət birliyi ilə döyüş meydanında alıb. Döyüşlər arxada qalıb, münaqişə arxada qalıb, iki Üçtərəfli Bəyanat imzalanıb, dövlət rəhbərlərinin səlahiyyət verdiyi məsul hökumət üzvləri arasında kommunikasiyaların açılması (yolların bərpası, yeni yolların çəkilməsi və s.) ilə bağlı müzakirələr gedir. Bütün bunların fonunda Ermənistanda əvəzçıxma çağırışları tam səngiməyib. Bəs İlk Üçtərəfli Bəyanatın mürəkkəbi qurumamış, baş nazir Paşinyanın imzasına bir daha qeyri-ciddilik gətirən hərəkətlə Qarabağa terrorçular göndərən uğursuz Ermənistan dövləti və erməni ictimai-siyasi fikri Hərbi Qənimətlər Parkından sonra nə hallara düşüb?

Uzağa getmək lazım deyil, mənzərə bilgisayarın, yaxud telefonun bir düyməsi qədər yaxındır: ermənilər sosial şəbəkələrdə, internet informasiya resurslarında öz rəhbərlərinin ünvanına nə qaldı deməmiş ola? Bax, bu mənzərə özü Parkın necə bir psixoloji təsir gücünə malik olmasının sübutudur.

Hərbi Qənimətlər Parkının paytaxtın ən çox ziyarət edilən məkanı olacağına qətiyyən şübhə etmədən, o park və parkın açılışında dövlət başçısının çıxışının ən ümdə məqamlarını ümumiləşdirməyə çalışaq:

- Azərbaycan Ordusu qəhrəman və peşəkar ordudur, düşmən üzərində ordumuzun mənəvi üstünlüyü danılmaz faktdır;

- Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır;

- Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün, düzgün taktikanın, dəqiq siyasi-iqtisadi və diplomatik kursun təzahürüdür.

- Azərbaycan XXI yüzilin müharibəsini aparıb və örnək yaradıb;

- Hərbi Qənimətlər Parkı da XXI yüzil müharibəsinin miqyasını və Azərbaycanın şərəfli Qələbəsinin möhtəşəmliyini göstərir;

- Park Qələbənin əbədiləşdirilməsinə xidmət edir;

- Biz Qələbəmizi əbədiləşdirdiyimiz kimi, erməni vandalizminin insanlığa qarşı cinayət olduğunu da unuda, unutdura bilmərik.

Və... “Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik”!

***

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdan cəmi bir gün öncə Hərbi Qənimətlər Parkını ziyarət edərkən – qalib ordunun hərbçiləri qarşısında çıxış zamanı hərbi formada idi. Ali diplomatiya təhsili ocağında, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin biləvasitə (yaxud “onlayn”) qatıldığı konfransda çıxış edən Prezident, Cənubi Qafqaza yeni baxışın özünü, özəyini – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını, mahiyyətini ustadcasına açdı.

26 fevral beynəlxalq mətbuat konfransı və 31 mart Türk Şurasının qeyri-formal Toplantısından sonra bu konfrans, konfransda Prezidentin verdiyi ismarışlar həqiqətlər silsiləsi təşkil edir. Beynəlxalq mətbuat konfransı Xocalı soyqırımının 29-cu, Türk Şurasının toplantısı Azərbaycanlıların (Bakı) soyqırımının 103-cü ildönümünə təvafüq edirdisə, ADA-dakı çıxış Hərbi Qənimətlər Parkının açılışının ardından gerçəkləşirdi... Elə bilirəm bu xronologiya, tarix ayarlaması, tarix şüuruna düzgün köklənmə olub böyük gələcəyə gedişin yol xəritəsini cızmaqdadır: “Hardan gəlmişik, necə gəlmişik, hardayıq, hara, necə və kiminlə gedirik?..”

Beləliklə:

- Rəsmi İrəvanda adlar, idarəçilər dəyişsə də, işğalçılıq siyasəti heç vaxt dəyişməyib;

- Rəsmi İrəvanın niyyəti münaqişənin dondurulması olub – “Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”;

- Rəsmi İrəvan hərbi cinayətkardır;

- Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub – “Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir”;

- Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir – “Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”;

- Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir – “Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik”;

- Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb;

- Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır;

- Sabitlik inkişafın əsasıdır. Regionun inkişafı strateji prioritetdir – “Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”;

- Beynəlxalq təşkilatlar daha fəal mövqe tutmalıdır – “Beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilər: demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət”;

- Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var;

- Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu;

- Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir;

- Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub;

- Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.

Və nəhayət, son günlərin ən çox müzakirə olunan mövzusu: Şuşaya atılan “İsgəndər-M”!..

Azərbaycan rəsmi İrəvandan İsgəndər-M raketi ilə bağlı açıqlamalar tələb edir. – “Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələlərin müzakirəsi artıq olub. Rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik”...

DÖVLƏTİMİZ VAR OLSUN!