"Hərbi Qənimətlər Parkını pullu etmək doğru deyil” - Qazilər birliyinin sədri

"Hərbi Qənimətlər Parkını pullu etmək doğru deyil” -  Qazilər birliyinin sədri backend

Aprein 14-dən vətəndaşların Hərbi Qənimətlər Parkına daxil olmasına icazə verilib. Parkı ziyarət adambaşı 2 manat təşkil edir. Lakin xəbərdə məkana girişin 6 yaşadək uşaqlar, şəhid ailələri və qazilər üçün pulsuz olduğu qeyd edilib.

Hələ parka giriş açılmazdan əvvəl ziyarətin pulsuz olacağı deyilirdi. Lakin məkanı ziyarət edənlərdən birinin qəbzin şəklini paylaşması cəmiyyətdə, xüsusən də ziyalı və qazilər arasında birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Qazilər.az-a açıqlama verən Qarabağ qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev adıçəkilən vəziyyətin doğru olmadığını bildirib:

“Bilirsiniz, o hərbi qənimətləri əldə edən qeyrətli, qəhrəman Vətən oğulları olub, hansı ki, onların hələ yaraları sağalmayıb, aldıqları yaraların qanı qurumayıb. Belə bir vəziyyətdə parkı pullu etmək, düzgün deyil. Bunu kim fikirləşib, kim edibsə, pul qazanmaq fikriylə edib. Özü də parka giriş 2 manatdır. Bu, böyük puldur. Deməli, bir ailədə 5 nəfər varsa, ora girəndə 10 manat ödəməlidi. Heç olmasa verdikləri əmək haqqı və ya pensiyaların məbləğinə uyğun qiymət qoyardılar. Həqiqətən böyük məbləğdir. Parka girişi simvolik olaraq qəpik-quruş etməlidirlər ki, gənc nəsillər həmin parka getsinlər, Vətən oğullarının torpaq uğrunda hansı qəhrəmanlıqları etdiklərini, hansı nailiyyətləri qazandıqlarını, düşmənimizə hansı zərbələri vurduqlarını görsünlər. Çünki bu, gənclər üçün təbliğatdır. Parka da müharibədən anlayışı olan adam təyin edilməlidir, gəlib baxanlara məlumat versin ki, nümayiş olunanlar hansı silah-sursatlardır?

Bir daha qeyd edirəm, parkı pullu etmək absurd fikirdir. Çünki o parka giriş 2 manat olandan sonra kimsə girən deyil və ordakılar haqda kimsə məlumat ala da bilməyəcək. Gərək belə etməzdilər, çünki müharibə hələ bitməyib, müəyyən torpaqlarımız işğal altındadır, informasiya, siyasət müharibəsi gedir. Belə bir dönəmdə Hərbi Qənimətlər Parkını pullu etmək doğru deyil”.

Firuzə Alimova / Qazilər.az

Diaspora