Ata yurdumun xarabalığında: Xəcalət çəkdim...

Ata yurdumun xarabalığında:  Xəcalət çəkdim... backend

İkimərtəbəli, topdağıtmaz evimiz vardı. Dünən özüm görmüşəm, ermənilər hətta 28 il ərzində dağıda bilməyiblər. Üstü sökülüb, tavanı çöküb, amma divarlar qala kimi yerindədir. Həmin divarlar təkcə mənim uşaqlıq illərimin deyil, həm də erməni vandallığının şahididir...

Rəhmətlik atam ali təhsilli müəllim idi. Yüksək maaş alırdı, indikindən yüz dəfə yaxşı dolanırdıq. Böyük bağçamız, həyətyanı təsərrüfatımız vardı. İlin bütün fəsillərində ən azı 2 inəyimiz sağılırdı. Əslində, atamın maaşı bizə gen-bol bəs edirdi. Amma bizim kənddə əkib-becərməyən, mal-qara saxlamayan kişiyə pis baxırdılar. Camaat tənbəl adamlara pis baxdıqları üçün hamı yaxşı dolanırdı.

Mən 10-cu sinfə keçəndə evimizi təmir elətdirdik. Səbəbini bir gün atamla anam öz aralarında danışanda eşitdim: “Sabah, birisigün Seymurun tələbə yoldaşları qonaq gələcək. İndidən hazırlaşmaq lazımdır”.

Evimiz o qədər böyük idi ki, biz orda bütöv bir qrupu qonaq edə bilərdik...

Amma o evdə mənim bircə tələbə yoldaşım da qonaq qalmadı. 1993-cü ildə Cəbrayıl işğal olunduğu üçün evimz ermənilərə qaldı...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi media-tur çərçivəsində 28 ildən sonra dünən ilk dəfə kəndimizə getdim. Ömrümün 18 ilini yaşadığım evimizi tapmağa çətinlik çəkdim. Hətta buna görə əməlli-başlı xəcalət çəkdim...

Tək bununla qurtarsaydı nə dərdim vardı? Həmkarım, qələmdaşım Jalə Müətəllimova da məni müşayiət edirdi. Yox, düz yazmadım. Jalə xanım da bizə qonaq getmişdi. O da mənim kimi divarlardan qopan daşları, iri beton parçalarını adlayıb həyətə keçdi.

Yay olsaydı, ağ gilasdan bir boşqab dərib qabağına qoyardım. Payız olsaydı, şirin nara qonaq edərdim. Qış olsaydı, ikinci mərtəbədə saxladığımız karalyokdan, xurmadan gətirib masaya düzərdim. İndi nəinki ağ gilas, heç ağacı da qalmamışdı. Heç məndə də qonaq qəbul etməyə hal qalmamışdı...

Başımı evimizin çılpaq divarlarına söykəyib doyunca ağlayandan sonra iri daşların üstündə özümə yer edib xəyala daldım. Bir də baxdım ki, qonağım da yanımda əyləşib. Mən elə adam deyiləm axı. Qonağa yer təklif etmək yadımdan çıxmışdı. Amma necə təklif edəydim? Oturmağa yer yox idi...

Özümə gələndə həyətin ayağındakı qanqal kolu gözümə sataşdı. Əl boyda qanqal dərib qonağa təklif elədim. Və buna da şükür elədim.

Jalə, əziz həmkar, əziz bacı, mən qonaqlı-qaralı evdə böyümüşəm. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda, Cəbrayılda da insanlar qonağı süfrənin başında əyləşdirər, ən ləziz naz-neməti onun qabağına düzər, lazım gəlsə, quru yerdə yatar, amma isti yorğanını qonağa verərdilər. Amma dünən o qanqaldan başqa verməyə heç nəyim olmadı. Bəlkə də inanmayacaqsan, o qanqal kolunu yetişdirdiyi üçün dünəndən bəri ana təbiətə duaçıyam...

Əziz dost, evimizi tanıdın, Soltanlıya bir də gəl. Ailənlə, sevdiklərinlə gəl. Gəl və Cəbrayıl camaatının necə qonaqpərvər olduğunu gör...

Sizləri adımıza layiq qarşılamaq üçün ilk fürsətdə yola düşəcəyik...

Bu dəfə yollarınıza çiçək düzəcəyk...

Seymur VERDİZADƏ

Diaspora