Deputatdan sensasiya: Xankəndi ilə bağlı razılaşma var

Deputatdan sensasiya:  Xankəndi ilə bağlı razılaşma var backend

"Bu, çox ciddi mövzudur. Erməni tərəfi Azərbaycanın saxladığı terrorçularla bağlı dezinformasiya yayıb. Əvvəla, nəzərə almaq lazımdır ki, aprelin 8-də cənab Prezident Rusiya baş prokurorunu qəbul edib. Ehtimal edirəm ki, görüşdə terrorçularla bağlı məsələ müzakirə olunub. Şübhəsiz ki, Azərbaycan və Rusiya Prezidentləri arasındakı telefon danışıqları zamanı da bu mövzuya toxunulub. Elə Paşinyan da Putinlə görüşlərdə bu məsələni media qarşısında qaldırır. Ancaq Azərbaycan Prezidentinin və dövlətinin fikri qətidir. Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatında açıq göstərilir ki, 10 noyabrda müharibə dayandırıldıqdan sonra Azərbaycan ərazilərinə keçən və həbs edilən şəxslər ancaq terrorçu və təxribatçı ola bilər. Bu məsələ bağlanıb. Dövlətin qətiyyətli mövqeyi ortadadır".

Qazilər.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli Teleqraf.com-a deyib.

Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun İrəvan hakimiyyətini təxribatçı adlandırmasına diqqət çəkən millət vəkili bildirib ki, Azərbaycan və Rusiya arasında ciddi danışıqlar gedib:

“Bu danışıqlar, şübhəsiz ki, 10 noyabr sazişinin yerinə yetirilməsi, Azərbaycanın öz suveren ərazilərində hakimiyyətinin bərpa olunması ilə bağlıdır. Laçın dəhlizi, Xankəndi, digər ərazilərlə bağlı Azərbaycanın mövqeyi qətidir. Məndə olan məlumata görə, razılıq var ki, Xankəndidə Azərbaycanlı icmasının ofisi olsun. Yəni, tədricən köçürülmə prosesinə start verilsin və sülhməramlı missiya da həqiqətən sülh yaratmaqla məşğul olsun. Sual olunur: Xankəndidə əgər ancaq ermənilər varsa, o zaman Muradovun rəhbərlik etdiyi kontingent kimlər arasında sülh yaradır? Axı orada Azərbaycan icması yoxdur. Sülh yaratmaq, təmin etmək üçün ora azərbaycanlılar köçürülməlidir, hansı ki onlar Xankəndidə yaşamış şəxslərdir”.

Deputat qeyd edib ki, general Rüstəm Muradovun Bakıya gəlişi zamanı mümkündür ki, Azərbaycan tərəfindən saxlanılan terrorçuların məsələsi müzakirə edilib:

“Ancaq ən əsası Rusiya və Azərbaycan arasında əldə edilən yüksək səviyyəli razılaşmadır. Yəni sülhyaratma qüvvələri Azərbaycanın suveren ərazilərində özlərini necə aparmalıdır. Əlbəttə, Azərbaycan suverenliyinə uyğun şəkildə, dövlət suverenliyimizə xələl gətirmədən, Ermənistanda revanşist qüvvələri həvəsləndirmədən aparmalıdırlar. Bəli, belə danışıqlar gedir və bu çox yaxşı haldır.

İkincisi, çox müsbət haldır ki, Rüstəm Muradov Ermənistan rəhbərliyindəki müəyyən qüvvələri açıq təxribatçılıqda günahlandırıb. Bu, həqiqətən müsbət haldır. Bəli, Muradovu daima ermənipərəst kimi qələmə veriblər. Məncə, onun özü də artıq ermənilərdən bezib. Özü də erməni yalanından, erməni təxribatından bezib. Ona görə də birbaşa erməni hökumətini təxribatçılıqda ittiham edib. Məncə, bir qədər səbr nümayiş etdirməliyik. Hər şey Azərbaycanın xeyrinə inkişaf edəcək. Biz hərbi uğur qazanmışıq. Orada da dövlət suverenliyimizi diplomatik danışıqlar yolu ilə təmin edəcəyik. Dövlət bu istiqamətdə işləyir”.

Diaspora