Bakıda geniş dezinfeksiya işləri görülüb

Bakıda geniş dezinfeksiya işləri görülüb backend

Bakı Şəhər və rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə bu gün paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, iməcilik zamanı Bakının kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər və köşklər yuyulur.

İcra qurumlarının tövsiyələrinə uyğun olaraq, küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.

Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla, paytaxtdakı idarə və təşkilatların inzibati binalarının fasadlarının təmizlənməsi, Bakı Funikulyoru, müxtəlif turizm və gəzinti obyektlərinin də yuyulub təmizlənməsi işləri aparılır.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz-torpaq təmizlənir, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcək.

Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasını aparıb, xidmət əməkdaşları tərəfindən balansda olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

İməcilik və dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçiriləcək və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.