“İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”

“İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir” backend

Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin həbsdə olan keçmiş sahibi İlqar İsmayılovun şikayətinə baxılıb.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, onun şikayətinə hakim Ramin Qaraqurbanlının sədrliyilə baxılıb. Məhkəmədə İlqar İsmayılov bildirib ki, “İdeal”ın əlindən alınmasıyla bağlı həqiqətləri danışdığına görə sifarişlə həbs olunub. Təqsirsiz olduğunu, susdurulmaq üçün cəzalandırıldığını deyən iş adamı barəsindəki həbs qərarının ləğvini istəyib. Hakim apellyasiya şikayətini təmin etməyib. Binəqədi rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli həbs qərarı qüvvədə saxlanılıb.

İlqar İsmayılovun anası Solmaz İsmayılova da oğlunun günahsız olduğunu bildirib. O, Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya məktub göndərərək, bu işi nəzarətə götürmələrini xahiş edib. Solmaz İsmayılova məktubunda yazıb ki, azğınlaşmış məmurlar oğlunu parçalayır:

“Sizə ürək yanğısı ilə müraciət edən və imdad diləyən bir Azərbaycan qadını, azğınlaşmış məmurlar tərəfindən oğlu parçalanaraq məhv edilən anayam. Siz son ümid yerimsiniz. Oğlum öz haqqını tələb etdiyinə görə susdurulmaq üçün həbs edilib.

Oğlum “İdeal Kompany” şirkətini 1999-cu ildə öz vəsaiti hesabına yaradıb. Bu şirkətin əmtəə nişanı tanınandan sonra - 2011-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin direktoru, kifayət qədər nüfuza və gücə malik olan Cahangir Əsgərov oğlumdan onunla şərik işləməyi tələb edib. Oğlum təklifi qəbul edib, 50 faiz hissə Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adına keçirilib. Zərifə Həmzəyevanın tam mülkiyyətində olan, əvvəl “Bank SilkWay”, hazırda isə “Premium Bank” adlanan bank tərəfindən oğlumun adına kreditlər verilib ki, “İdeal” mağazalar şəbəkəsini genişləndirmək üçün istifadə etsin. Lakin kreditin müddəti bitmədən geri tələb edilir, bununla da oğlum çıxılmaz vəziyyətə salınırdı. Şirkət inkişaf etdikcə, onun həmtəsisçisi daha çox pay, ən əsası isə oğlumun mülkiyyətində olan “İdeal” əmtəə nişanını tələb edirdi. Bu şirkət oğluma övladı qədər əzizdir, onun bütün həyatıdır, varlığıdır. Biz qohumlar, rəhmətlik atası ona deyirdik ki, “sən nəhənglərlə bacara bilməzsən, bu inadı yerə qoy, nə istəyirlərsə, ver”. Lakin oğlum bütün həyatını sərf etdiyi onun üçün mənəvi dəyəri daha yüksək olan şirkəti tam vermək istəmədi”.

Solmaz İsmayılovanın sözlərinə görə, oğlu şirkətdə qalan parını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs olunub. O, “İdeal”dan mənimsəmədə ittiham edilib. Həmçinin onun adına “Premium Bank”dan 5 milyon dollarlıq kredit götürdüyü iddia olunub. İlqar İsmayılov isə bu ittihamların əsassız olduğunu, kredit müqaviləsindəki imzanın da ona məxsus olmadığını, imzasının saxtalaşdırıldığını bildirib.

“Oğlum 3 ay 10 gün həbsdə qaldı. Sonra isə yanına notariusla birlikdə “elçilər” getdi. Şirkətdəki payından tam və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalatdırdılar. Elə həmin gün - 2017-ci il sentyabrın 15-də həbsdən azad edib tapşırdılar ki, “get və sus, yoxsa yenə həbsə qayıdarsan”. Barəsindəki cinayət işinə xitam verildi.

Oğlum 3 il susdu, artıq susa bilmədi, bizi də dinləmədi. Bir gün mənə vəsiyyət edib, əlindən alınmış haqqını tələb etmək üçün yola çıxdı. Onun imzasını saxtalaşdırmaqla edilənləri, məruz qaldığı hədə və təzyiqləri dövlət orqanlarının nəzərinə çatdırdı, məhkəmlərdə çoxsaylı iddialar qaldırdı. Məhkəmələr ona deyirdi ki, iddia qaldırmaq üçün müddəti ötürmüsən. Oğlum deyirdi ki, “mən hədə-qorxu altındayam, ona görə də iddia qaldıra bimirdim, hələ hədələr davam edir, mən haqqımı tələb edən kimi həbs olunacağımla hədələnirəm”. Buna heç kəs inanmırdı. Bu gün hədə reallaşdı. Oğlumu çox absurd ittihamla yenə həbs etdilər. Yenə deyirlər ki, ki, guya 2013-2014-cü idə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bu ittihamla 1 saat içində bütün prosedurları formal icra edərək, həbs elədilər. Hətta oğlum məhkəməyə aparılanda 5 vərəqdən ibarət həbs qərarı da hazır imiş. Əks halda, hakim bu 5 vərəqli qərarı 10 dəqiqə müşavirıdə necə yaza bilərdi ki, çıxıb elan edən kimi oğluma verə bilməzdi. Məhkəmə qərarı axşam saat 9-dan sonra verilib.

Həyat yoldaşım təzəlikcə rəhmətə gedib, yeganə ümidim-gümanım oğlum İlqardır. Lakin onu gözü ac, heç nədən qorxmayan, “mənəm qanun” deyən adamlar əlimdən alır. Əminəm ki, mənim bu harayımı eşidəcək və oğlumun həbsi ilə bağlı məsələni nəzarətə götürəcəksiniz.

Siz Aərbaycan xalqını ürəkdən sevən, bütün həyatını, bilik və bacarığını bu xalqın firavan yaşamı üçün sərf edən qeyrətli Azərbaycan övladlarısınız! Bu xalq, bu dövlət üçün etdiklərinizə görə böyük minnətdarlıq hissilə qarşınızda baş əyirəm!

Doğma Azərbaycanımın 30 il ərzində itirilən haqqını 44 günə qaytaran, bütün dünyanı ədaləti və bacarığı ilə heyran edən Prezidentim və Birinci xanımımız. Sizdən imdad diləyən bu ananın övladının haqqqının da bərpa edilməsinə kömək edin. Ümidim yalnız Sizədir!”

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlqar İsmayılov həbsindən bir həftə əvvəl sosial media hesabından paylaşımında yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Cahangir Əsgərov və ya ona yaxın şəxslər İlqar İsmayılovun dediklərinə münasibət bildirməyib.

“Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan mediaya açıqlamada bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.

“Premium Bank”ın rəsmi sahibi Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevadır.

“İdeal”ı idarə edənlər 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin direktoru isə Samir Əliyev olub. Bir neçə ay əvvəl Samir Əliyevin yerinə Nərmin İsmayılova təyin edilib.

Diaspora