Şəki Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edildi - XÜSUSİ VİDEO-REPORTAJ

Şəki Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edildi - XÜSUSİ VİDEO-REPORTAJ backend

Şəkidə II beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib. APA TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan festivalda 11 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak edib.

Festivalda qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilib. Festivalın rəsmi açılış mərasimində bildirilib ki, Şəki xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Qeyd olunub ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri sırasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır: "Bu gün biz düşünürük ki, Şəkini Azərbaycanın rəsmi şəkildə milli ənənəvi şirniyyat paytaxtı elan edək. Daimi şəkildə bu olacaq. Ümidvaram ki, biz bunu inkişaf etdirəcəyik. Gələn ildən Şəkidə mili şirniyyat muzeyinin yaradılması layihəsi əlimizdədir, bunu edəcəyik və festival keçiriləndən sonra Şəki rəsmi olaraq dünyanın şirniyyat paytaxtı adını alacaq".

Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova: "Festivalın keçirilməsində əsas məqsəd xalqımıza xas olan zəngin mədəni irsini qoruyub saxlamaq, təbliğ eləmək eyni zamanda bölgənin turizm potensialının genişlənməsinə nail olmaqdır".

Sonra tədbir iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar.

Festivala ilk dəfə qatılan Rusiya və Türkiyənin qənnadıçıları müxtəlif ölkələrin milli mətbəxi ilə xüsusən də Azərbaycanın bölgələrinə xas mətbəx nümunələri ilə tanışlıqdan məmnun qaldıqlarını ifadə edib.

Rusiya nümayəndə heyətinin üzvü Vladimir Lazurin: "Mən Rusiyanın Moskva şəhərindən gəlmişəm, şokolad məktəbini təmsil edirəm. İlk dəfədir ki, Azərbaycanda belə bir mötəbər festivala qatılıram. Doğrudan da maraqlı və olduqca zəngin mətbəxlə tanış olduq. Xüsusən Azərbaycan mətbəxi, eləcə də özünəməxsusluğu ilə seçilən Şəki mətbəxi ilə tanış olmuşam. Maraqlı reseptlər yazmışam. Festival məndə xoş təəssüratlar yaradıb".

Türkiyə nümayəndə heyətinin üzvü Gülfer Angi: "İlk dəfədir qatılıram. Çox yaxşı festivaldır. Burada biz Türkiyənin müxtəlif bölgələrinin ən məşhur şirniyyatlarını - quru paxlava, Ərzurum bölgəsinə aid qadait dolması, İlmik halvası, Rəvanə tatlısı, Qars pastası təqdim edirik".

Münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonlarının və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər. İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar.

Festivalın informasiya dəstəkçisi olan APA TV diplomla mükafatlandırılıb.

Daha sonra Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub.


Diaspora