Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirmə missiyası üzrə mütəxəssisləri Bultemier Bernd və İzabel Lapenan ilə görüşüb.
QAZİLER.AZ saytı məlumat verir ki, İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Z.Əkpərov rəhbərlik etdiyi elm müəssisəsinin tarixi və şöbələri, bitki genetik ehtiyatlarının ex-situ və in-situ saxlanması istiqamətində görülən işlər, yeni yaradılmış laboratoriyalar haqqında ətraflı məlumat verib, genetik ehtiyatlar ilə bağlı son dövrlərdə qəbul olunmuş qanunlar və bu sahəyə dövlət dəstəyindən söhbət açıb.
Görüşdə FAO ilə institut arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra qonaqlar institutun milli genbank və biotexnologiya şöbəsinin imkanları ilə tanış olublar.