“Vətən müharibəsi Aprel döyüşlərinin nöqtəsi oldu. Yoldaşlarımızın qisası qiyamətə qalmadı”.
Bunu Azvision.az -a açıqlamasında Milli Qəhrəman, Aprel şəhidi Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib. O, bildirib ki, Aprel şəhidləri zəfərimizin ilk qaranquşları olub. “Həyat yoldaşımın uğrunda şəhid olduğu Suqovuşan, Talış istiqaməti mənim üçün hər zaman əzizdir. Ancaq mina təhlükəsi ilə əlaqədar hələ gedib o yerləri görə bilməmişəm. Hər şey qaydasına düşəndən sonra övladlarımla birlikdə gedib, oranı ziyarət edəcəyəm. Aprel döyüşləri Azərbaycanın şanlı qələbəsinin başlanğıcı oldu. Düşmən oyandı ki, bunun qarşısında kim var. Aprel şəhidləri onların səngərlərini yardı. 24 ildən sonra igidlərimiz bizə ilk qələbəni yaşatdılar.Cənab Prezidentə təşəkkür edirəm. Muradın 30 illik əziyyətinə qiymət verdi, yoldaşımın zəhməti yerdə qalmadı. İstər Aprel döyüşlərindən, istərsə də Vətən müharibəsindən sonra biz hər zaman dövlətin diqqətindəyik.
Aprel döyüşlərindən sonra sual edirdik ki, niyə qələbəmizin davamı gəlmir. Yoldaşlarımızın qisası alınmalı, ruhu şad olmalıydı. Vətən müharibəsi ilə qələbə tamamlandı, nöqtə qoyuldu.
Doğrudur, Muradın da müharibədə iştirak etməsini, Zəfəri gözləri ilə görməsini istəyərdik. Mən bilirəm ki, indi onun ruhu şaddır. Narahatlığım yoxdur.
Ataları şəhid olanda övladlarımın yaşı az idi. Baş verənləri dərk etmirdilər. Amma indi böyüyüblər, dərk edirlər. Deyirlər, ana, bura Talış yüksəkliyidir, ata burada şəhid olub. Fəxr və qürurla danışırlar”, - deyə şəhid xanımı söyləyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsindən 5 il ötür.



