Qalib İsmayılov: "Əgər intim videoları çəkib yayan tutulmazsa..."

Qalib İsmayılov: "Əgər intim videoları çəkib yayan tutulmazsa..." backend

Azərbaycanda yenə də siyasi mübarizə qurşaqdan aşağı koordinatlar üzrə aparılmağa başladı. Söhbət insanların intim videosunun gizli olaraq çəkilib yayımlanmasından gedir. Bu mənəviyyatsız savaş üsulunu yaxın keçmişdə kimlərin başladığı hamıya yaxşı bəllidir. Çünki onlar bu iş üçün açıq-aşkar televiziyaları da istifadə etməkdən çəkinmirdilər. Və hamıya o da bəllidir ki, bu üsulun əsas memarı və icraçıları artıq vəzifədən kənarlaşdırılıblar. Bəlkə elə onların kreslolarının laxlaması səbəbdən idi ki, ölkədə uzun müddət belə üzdəniraq hallar gözə dəymirdi. Bu cür ürəkbulandıran “siyasi gedişlər”i cəmiyyətimiz hətta müəyyən qədər unutmuşdu da. 

Ancaq yenə də hansısa bişərəf o xoş olmayan zamanları cəmiyyətə xatırlatdı, ölkə əhalisinin gözünü ayaq basılan hər yerdə yenə də gizli kamera axtarmağa, insanları evində belə ehtiyatlanmağa vadar etdi. 
Əgər kimsə müxalifət liderlərindən birinin ailə üzvünə yönələn bu əxlaqsız addımı, cinayət hərəkətini təkcə siyasi qütbün yalnız bir tərəfinə təhdid hesab edirsə, çox ciddi yanılır. Bu bütün cəmiyyətə, eləcə də bütün siyası qüvvələrə, QHT sektoruna, hətta iqtidarın özündəki bir qism insana təhdiddir. Bu video “təşəbbüsü” onu hazırlayıb yayanlardan başqa hər kəsə yönəlmiş addımdır. Və bu addımı atanlar da məhz bu strategiyanı hədəfləyirlər. Əcəba kimlərdi bunu edənlər? Vəzifədən kənarlaşdırılmış adamlarmı? Onların vəzifədə qalan əlaltılarımı? Yoxsa onları vəzifədə əvəzləyənlərmi? 

İndidən bu barədə konkret nəsə demək mümkün deyil. Çünki yayılan məlumatlara görə, prezident özü də bu işin araşdırılmasına göstəriş verib. Hər halda rəsmi qurumlar bu işi ciddi araşdırsalar səbəbkarların tapılıb məsuliyyətə cəlb edilməsi elə də çətin olmamalıdır. Əgər bunu edənlər doğrudan da hakimiyyətin iradəsinə qarşı gedənlər, Azərbaycanda gərginlik yaratmaq istəyənlərdirsə, deməli, onların tapılıb məsuliyyətə cəlb olunması ilə, həm də dövlət əleyhinə işləyən şəbəkə zərərsizləşdirilmiş olacaq. Yox, əgər bu video olayına görə kimsə qanun qarşısına çıxarılmasa, onda çox güman ki, cəmiyyət hələ özünə aid çox belə “filmlər”in seyrcisi olacaq...  

Qazilər.az / Qalib İsmayılov

Diaspora