Vətən müharibəsində xəsarət alan bir qrup şəxs Türkiyədə protezlərlə təmin olunacaq backend

Vətən müharibəsində xəsarət alan bir qrup şəxs Türkiyədə protezlərlə təmin olunacaq

Beynəlxalq Həkimlər Dərnəyi (AID) Azərbaycanın Vətən müharibəsində xəsarət alan şəxslərin protezlə təmin olunması ilə bağlı layihə həyata keçirir.

APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən AİD-in sədri Mevlit Yurtseven bildirib ki, Vətən müharibəsi zamanı xəsarət alan bəzi şəxslər müalicə üçün Türkiyəyə aparılacaq: "AID 2011-ci ildə İstanbulda qurulmuş beynəlxalq  təşkilatdır. Təşkilat əzalarını itirmiş insanlara protez mərkəzləri ilə dəstək göstərir. Uzun müddətdir, müharibə qurbanı olan insanlar üçün çalışırıq. Əzalarını itirən Azərbaycan vətəndaşları üçün də xidmət göstərməyə hazırıq. Azərbaycan xalqı ilə qardaşlığımızın əlaməti olaraq bir qrup xəstə Türkiyəyə aparılacaq və orada müalicə olunaraq protezlərlə təmin olunacaq. Ötən həftə mütəxəssis həkimlər və onların nümayəndə heyəti ilə Azərbaycana gəldik və yoxlamalar keçirdik". 

Həkim professor Yaşar Tatar isə qeyd edib ki, bu layihə Azərbaycan xalqına qardaşlığı göstərmək üçündür: “Azərbaycan özü də bu protezləri hazırlaya bilər, amma müharibə nəticəsində çoxlu sayda yaralı var. Bu şəxsləri erkən vaxtlardan protezlə təmin etmək onların şəraitini yaxşılaşdırır. Layihədə 12 nəfərə 15 protez yazılacaq. Onların 3-də ya qol və ayaq və ya hər iki ayağı kəsilib. Bu protezlər ən müasir üsullarla hazırlanıb. İlk olaraq 5 nəfər Türkiyəyə aparılacaq, bu şəxsləri geri qayıdanda hətta futbol oynaya biləcək formada görə biləcəksiniz. Burada ANAMA bizə kömək edir. Həmin şəxslər geri qayıdanda normal həyatlarına qayıdacaq. Qeyd edim ki, Türkiyəyə ilk olaraq aparılacaq 5 şəxsdən ikisi xəsarət alan ANAMA əməkdaşıdır. Onlardan bir gənc həm ayağı, həm qolunu itirdiyi üçün əvvəlcədən məlumatları Türkiyəyə göndərilib. Həmin gəncin artıq Türkiyəyə çatan kimi protezlərinin taxılması gözlənilir”.