Torpaq sürüşməsi şəhid anasının evini təhlükəli vəziyyətə saldı - VİDEO

Torpaq sürüşməsi şəhid anasının evini təhlükəli vəziyyətə saldı -  VİDEO backend

Son zamanlar yağıntıların çox olması Astaranın bəzi kəndlərində aşınma prosesini sürətləndirib. Gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində Siyəkü kənd sakini Gülxarə Babayevaya məxsus yaşayış evi təhlükə ilə üz-üzə qalıb.

Baku TV xəbər verir ki, torpaq qatı evin divarlarına kimi yaxınlaşıb. Torpaq sürüşməsinin yaratdığı digər bir problem isə qrunt sularının evə dolmasıdır. Fərdi təsərrüfatında olan sitrus bağına da ziyan dəyib, 20-yə yaxın ağac torpaq altında qalıb, bəziləri isə aşıb. 

Kənd bələdiyyəsindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib və tez bir zamanda problemin aradan qaldırılması üçün köməklik göstəriləcək. 

Qeyd edək ki, sürüşmənin təhlükəli vəziyyətə saldığı ev şəhid ailəsinə məxsusdur və Gülxarə Babayeva şəhid Məhəmməd Babazadənin anasıdır. Kiçik çavuş Məhəmməd Babazadə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. İnanırıq ki, yaxın vaxtlarda kənd bələdiyyə sədrinin dediyi kimi problem öz həllini tapacaq.