Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... -  Siyahı backend

Dünyanı cənginə alan koronavirus pandemiyası bitmək bilmir. 2019-cu ildə Çindən bütün dünyaya sürətlə yayılmağa başlayan bu təhlükəli virus hazırkı günə qədər davam etməkdədir.

Koronavirus pandemiyası bu günə kimi dünyada 2 769 473 nəfərin həyatına son qoyub. 

Ölkəmizdə ilk dəfə 2020-ci ilin fevralında qeydə alınan pandemiyadan dünənə qədər 3491 nəfər dünyasını dəyişib. 

Azərbaycanda həm ötən il, həm də bu il koronavirusdan dünyasını dəyişənlər içərisində müxtəlif sferaları təmsil edən tanınmış simalar da az deyil.  

Belə ki, 1957-ci il təvəllüdlü tanınmış vəkil Adil İsmayılovun ötən ilin dekabrında COVİD-19-dan vəfat etməsi Azərbaycanda hüquq sahəsində ağır itkilərdən hesab olunur. A. İsmayılov  30 illik vəkil təcrübəsində bir sıra tanınmış şəxslərin hüquqlarını müdafiə edib.

A.İsmayılovun həmkarı, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev də bu virusun qurbanına çevrilən tanınmışlardandır. Milli Hüquq Evinin rəhbəri, tanınmış hüquqşünas Nicat Gözəlov da bu gün koronavirusdan dünyasını dəyişib. 

Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi, işadamı Xəyal Məmmədxanlı 42 yaşında virusun qurbanına çevrildi.  Bundan əlavə, digər bir işadamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov da koronavirusdan vəfat edib. 

Media sahəsində tanınmış hərbi jurnalist Rəşad Süleymanlı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Əmrah Fəqanoğlu, foto-jurnalist Fərman Bağırov, əməkdar jurnalist Etibar Babayev, Trend İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da bu virusun qurbanlarındandır. 

Tanınmış tarixçi alim 62 yaşlı Dilavər Əzimli də bu ilin martında koronavirusdan vəfat edib. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb. Həmçinin yazıçı, 1940-cı il təvəllüdlü Azər Abdulla da bir neçə gün əvvəl dünyasını dəyişib. O, "Yazıçı" qəzetinin baş redaktoru olub.

Məmurlardan da yan keçməyən bu virus Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin də vəfatına səbəb olub. O, sözügedən vəzifəyə 2019-cu ildə təyin edilmişdi. Həmçinin Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva da virusdan dünyasını dəyişib. 

Koronavirus həmçinin mədəniyyət sahəsindən də canlar alıb. Azərbaycanın tanınmış xalq artistləri Sabir Əliyev və Teymur Mustafayev pandemiyadan vəfat edib. Bundan əlavə, əməkdar artist İsmayıl Ələkbərov da virusdan dünyasını dəyişib. 

Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova, həkim-ginekoloq, “Ömür” klinikasının rəhbəri Gülnarə Sultanqızı da koronavirusdan dünyasını dəyişən məşhur simalardandır. /Moderator.az