Bakıdakı tatar icması Ramazan bayramını qeyd edib

Bakıdakı tatar icması Ramazan bayramını qeyd edib backend

Ramazan ayının başa çatması ilə əlaqədar Bakıda Əjdərbəy məscidinin mərasim zalında Ramazan bayramı münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a tədbirin təşəbbüsçüsü və təşkilatçısı olan “Tatarıstan” İctimai Birliyindən məlumat veriblər.

Tədbir müqəddəs Quran surəsinin oxunması və Allaha dua edilməsi ilə başlanıb. Qeyd edilib ki, Ramazan bayramı insanları saflığa və birliyə, ehtiyacı olanlara diqqət, mərhəmət və şəfqət göstərməyə çağırır.

Bayramda Əjdərbəy məscidinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edirlər.

Tədbirdə “Tatarıstan” İctimai Birliyi adından müxtəlif dövlət qurumlarının, tatar icmasının nümayəndələri üçün Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli uşaq internat evində “Uşaqlara təbəssüm bəxş edək” xeyriyyə tədbirinin təşkilinə yardım və dəstək göstərdiklərinə, tatar xalqının dilinin, mədəniyyətinin, dininin və ənənələrinin qorunub saxlanmasına və dirçəldilməsinə yönəldilmiş mədəni-maarifçilik işində, ictimai fəaliyyətdə iştirak etdiklərinə görə təşəkkür məktubları hazırlanıb.

“Tatarıstan” İctimai Birliyi sədrinin müavini Emin Ramazanov qeyd edib ki, Azərbaycan tatarları həmişə dövlətin dəstəyini hiss ediblər. O bildirib ki, tolerantlıq və multikulturalizm siyasəti sayəsində Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Mərasim zalında ənənəvi milli şirniyyatla çay süfrəsi təşkil olunub.
Diaspora