Aşqabadda səhiyyə və tibb sənayesi işçiləri gününə həsr edilən “Sağlyk” dövlət proqramının 20 illiyi münasibətilə Beynəlxalq Səhiyyə Forumu və “Sağlyk-2015” sərgisi keçirilib. Forum çərçivəsində ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov bir sıra tibb ocaqlarının açılışında iştirak edib.
Forumda rəhbər şəxslər və diplomatik korpusun nümayəndələri, 41 ölkədən həkim-professorlar, 137 tibb şirkətinin təmsilçiləri, Azərbaycandan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, ölkəmizin Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak ediblər.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan, qurumun Avropa regional bürosunun direktoru Jujanna Yakab və digərləri Türkmənistanın “Bitaraplyk” dövlət ordeni ilə təltif ediliblər.
Tədbirin sonunda dünya musiqi sənətinin məşhur operalarından ariyalar ifa olunub. Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasovanın ifası rəğbətlə qarşılanıb.