Son illər səyahətsevərlər Azərbaycana daha çox pənah gətirməyə başlayıb. Onlar təkcə paytaxt və ətrafı ilə kifayətlənmir, bölgələrə də səyahət edirlər. Əcnəbi səyyahları hətta ucqar kəndlərdə də görmək mümkündür.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, rus səyahət blogeri Marina Yerşova Azərbaycana dəfələrlə gəlib. Onun videoları belə deməyə əsas verir. Hiss olunur ki, Yerşova Azərbaycanı müəyyən qədər tanımağa imkan tapıb. Marina növbəti bloqunda bizim ölkədən bəhs edib.
“Azərbaycan mənim səyahət üçün sevimli ölkəmdir. Mən burada özümü yad hiss etmirəm. Çünki azərbaycanlılarda bir damcı da milliyyətçilik yoxdur. Baxmayaraq ki, burada İslama sitayiş olunur, hamı bir ailə kimi yaşayır. Pravoslavlıq hətta ikinci yeri tutur. Şəxsən mən Rusiyaya hörmət edən, Putini sevən yerli adamlar tanıyıram. Özü də bizim günahlarımıza baxmadan. Axı Rusiya Ermənistanı təbii qazla birbaşa təchiz edən ölkədir”.
Bloger yazıb ki, Azərbaycanda rus dilində danışanların sayı xeyli azdır. Yerşova böyük şəhərlərdə hər 10 nəfərdən yalnız 3-nün rusca danışdığını bildirir.
“Danışanlarda da güclü aksent hiss olunur. Halbuki Azərbaycanda rus dilində təhsil verən 300-ə qədər məktəb var. Bu məktəblərdə bəzən heç yer tapılmır. Ümumilikdə 19 ali təhsil ocağında rus dilində mühazirələr oxunur. Buna baxmayaraq, Azərbaycan Rusiyaya adi qonşu kimi yanaşır”.
Marina hər dəfə Azərbaycana gələndə bizim ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmağa çalışdığını qeyd edib. Amma bloger burada yaşayan rusların giley-güzarına da yer verib.
“Onlardan öyrəndim ki, ruslar Azərbaycanda yüksək vəzifələr tutmur. Burada rus varlılara rast gəlməzsiniz. Hər halda, sovet dövründə Azərbaycanda rus məmurlar az olmayıb”.
Yerşova yazısını nikbin notlarla bitirib. O, azərbaycanlıların rus musiqisini sevdiyini yazıb: “Sovet filmlərini həddindən çox sevirlər. Amma hesab edirlər ki, Avropadan çox şey öyrənmək lazımdır”.