Müharibənin birinci fazasını uğurlu sonluğa çatdırmışıq
Bu sözləri Modern.az-a politoloq Tofiq Abbasov Ermənistanın keçirdiyi narahatlıqları şərh edərkən deyib:“Ermənistan tərəfində müharibənin hələ bitmədiyini, Azərbaycanın müvəqqəti qalib gəldiyini hesab edirlər. Bəs onlar 25 ilə yaxın bizim əraziləri işğalda saxlayıb, dağıdanda narahatçılıq keçirmirdilər? Ermənistanın siyasi rəhbərləri utanmazcasına xariciləri aparıb bizim torpaqları özlərininki kimi təqdim edirdilər.
Azərbaycan öz torpaq məsələsini ədalət platformasında qurdu. Bizim bu qələbəmiz həqiqətən heç bir ölkənin, beynəlxalq qurumların, qanunverici aktın ziddinə getmir. Ermənilərin hansı hiss keçirməsi onların daxili problemidir. Əgər onların ağlı olsa, zərərli yolun yarısından dönərlər. Ona görə də onların Azərbaycana heç bir təsiri ola bilməz”.
Politoloq ərazilərimizin bərpasını milli qeyrətimizin göstəricisi olduğunu bildirib:
“Prezidentimizin həmin bölgələrə tez-tez səfər etməsi onu göstərir ki, ərazilərimizin dirçəlməsi və bərpası onun diqqət mərkəzindədir. Hər dəfə ora səfərlər edəndə ciddi fikirlər irəli sürür ki, bütün insanlarımız bir yumruqda birləşsinlər. Dağıdılmış ərazilərimizin bərpası bizim milli qeyrətimizin göstəricisinə çevrilməlidir. Müharibənin birinci fazasını uğurlu sonluğa çatdırmışıq və azad olunmuş ərazilərin bərpasını da belə tərzdə həyata keçirməliyik”.