Əli Kərimin oğlu dünyasını dəyişdi

Əli Kərimin oğlu  dünyasını dəyişdi backend

Şair Əli Kərimin oğlu Orxan Kərimov dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Azər Mehdiyev məlumat yayıb. Eskpert Orxan Kərimovun ölümündən sarsıldığını bildirib:

“İndicə şair Əli Kərimin oğlu, dostumuz Orxan Kərimlinin ölüm xəbərini aldım. Amansız xəstəlik bu gözəl insanı çox gənc yaşında sıralarımızdan apardı. Son dərəcə üzüldüm. Sözlə ifadə olunası deyil. Allah rəhmət eləsin! Əzizlərinin başı sağ olsun”.

Belə məqamda Əli Kərimin "Vəsiyyət" şeirini oxuculara təqdim edirik:

Yeri oldu-olmadı

həkim ki

girdi xəstənin qılığına,

Nəsə pıçıldadı

dostlarından

birinin qulağına -

Onda həkim, Salam-əleykim!

Hardan gəldi çıxdı

ölüm - bu qoca kaftar.

Yaman kəmfürsətdir.

Görmür ki

əlimdə nə qədər

işim var?

Heç kim inanmır ki,

Öləcək...

Elə mən də...

Amma ölüm

oğlanlarımın

kədərli təbəssümüylə

gülümsəyəndə,

Onların hələ dünyanı

tamam yığa bilməmiş

gözləriylə baxanda

onlarla bir oyanıb da

bir oynayanda.

Hər işdə onlardan

geri qalmayanda,

Sadiq köpək kimi

girəni,

çıxanı yoxlayıb

qapının yanından

ayrılmayanda

İnandım öləcəyimə...

Demədim heç kimə.

Tabutuma oğlanlarımı

yaxın qoymayın!

Təbəssümlərini qoyarlar ora,

Qoymayın onları

həyətdən bir adam çağıra,

Oyuncaqlarını.

oyunlarını gətirib

qoyarlar tabutuma.

Birdən-birə

qocalarlar.

Mənsə aparıram

sizə lazım olmayan

nəyim var.

Amma qoyub gedirəm

nöqsanlarımı.

Onlar narahat yaşadar

oğlanlarımı.

Tabutuma

Bir az kağız qoyun.

bir dənə də qələm.

Hayıf bu yaşda

heç nə,

heç nə deməmişəm.

Dostlar

bir şeir desinlər,

İşdi

imkan olsa,

bir dənə də mahnı

çaldırsınlar.

Şeirlə mahnının möcüzəsilə

Ayılmağa

çox dəli bir ümidim var.

Ölüm çəkmiş olsa

üzümə

sarı bir kədər

Əvvəlki təbəssümümü

salın yada

düşünüb bir qədər.

Gecələr

yazmaq,

oxumaq eşqi gələndə

Paşanın.

Azərin,

Orxanın.

Asın təbəssümümü

divar lampası kimi

başı üstdən

Üç canımın.

üç

igid oğlanımın

Paşamın,

Azərimin,

Orxanımın.
Diaspora