Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir backend

Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

Qaziler.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Hətta elm adamları bu bayramın zərdüştlükdən əvvəl də qeyd olunduğunu bildirirlər. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum isə 5000 il müəyyən edirlər.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Novruz xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Qeyd edək ki, bu il bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 13:37:00-da daxil olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

Diaspora