Mətbuat Şurasına yeni üzvlər qəbul edilib backend

Mətbuat Şurasına yeni üzvlər qəbul edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

MŞ-dan verilən xəbərə görə, iclasın gündəliyindəki məsələlər barədə məlumat verən Ə. Amaşov bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatlarına start verilib.

Onun sözlərinə görə, dövlət başçısı 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb və sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradılıb.

MŞ sədri gündəlikdə dayanan ikinci məsələnin işğaldan azad edilmiş torpaqlarımızdakı erməni vandalizminin izlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində medianın oynadığı rolun müzakirəsinin olduğunu vurğulayıb: "Düşmən tapdağından xilas olmuş bölgələrimizə istər yerli, istərsə də xarici medianın axını müşahidə edilməkdədir. Bu, son dərəcə vacib amildir. Bu günlərdə Prezident Administrasiyasının təşkilatçılığı ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət geniş heyətin Ağdama səfəri təşkil olundu. Sizlər də həmin səfərdə iştirak etdiniz. Səfər hər birimizdə kifayət qədər geniş təəssürat yaratdı. Bu barədə maraqlı yazılar da oxuduq. Diqqət yetirməli olduğumuz məsələ işğaldan azad edilmiş bölgələrimizdə media aktivliyinin daha geniş miqyasda təmin edilməsi ilə bağlıdır. Mən burada dörd saatdan artıq davam edən tarixi mətbuat konfransını vurğulamaya bilmərəm. Cənab Prezident bu mətbuat konfransında suallara geniş və məzmunlu cavabları ilə sübut etdi ki, Azərbaycan hərbi yolla Qarabağa yiyələndiyi kimi, əməli fəaliyyət müstəvisində də ona sahib çıxacaq. Bu, dünya mediasına kifayət qədər ciddi mesaj idi. İstərdim ki, sizlər də həm bununla əlaqədar, həm də Qarabağda media aktivliyinin artırılmasına dair fikirlərinizi bölüşəsiniz”.

MŞ sədri iclasın gündəliyində dayanan üçüncü məsələnin Şuraya yeni üzvlərin qəbulunun olduğunu deyib. O bildirib ki, üzvlük üçün müraciət edən media qurumlarının sayı 50-yə yaxındır. Katiblik 10-nun üzərində dayanıb.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, jurnalist təşkilatları medianın görünən üzüdür, onların mövcud sahədəki hadisə və proseslərə reaksiyalarını optimallaşdırmaq üçün dövlət tərəfindən bu qurumların fəaliyyətinə həssas yanaşılması zəruridir.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mediada reklam işinin qanuni mexanizmlərinin olmasının zəruriliyi üzərində dayanıb. O bildirib ki, vaxtilə təcrübəsi Mətbuat Şurası tərəfindən öyrənilmiş Türkiyənin Basın Elan Kurumunun mexanizmlərinin ölkəmizdə də tətbiqinə ehtiyac var.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redakotoru Aydın Quliyev istər peşəkarlıq meyarları, istərsə də Azərbaycan dilinin normalarının qorunması baxımından çap mediasının saxlanılmasının vacibliyindən söz açıb.

“Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı məsuliyyət çap mediasının üzərindədir”, - deyən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, əvvəllər bir adamın beş-altı qəzeti olurdusa, hazırda bir adamın beş-altı, bəzən daha çox saytı var və mövcud durum kifayət qədər ciddi problemlər yaradır. İslahatlar ilk növbədə məhz bu mənfi tendensiyanın qarşısının alınmasına yönəlməlidir.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu önəmlidir.

Mövzunu davam etdirən MŞ İdarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının baş redaktoru Rafail Becanov jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərlərinin mütəmadi xarakter daşımasının faydalı tərəflərindən söz açıb. Baş redaktor eyni zamanda qanunvericiliyin media fəaliyyətinin sərhədlərini və göstəricilərini dəqiq müəyyənləşdirməsinin əhəmiyyətini qabardıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iclasda müzakirə edilən birinci məsələyə dair fikrini bölüşüb. O deyib ki, medianın yaşadılması üçün təməllər olmalıdır.

İclasda qərara alınıb ki, İdarə Heyətinin üzvləri özlərinin təkliflərini yazılı şəkildə MŞ-nin katibliyinə təqdim etsinlər, onların əsasında da vahid təkliflər planı hazırlansın.

MŞ-yə yeni üzvlərin qəbulu məsələsində müzakirəyə çıxarılan 50-yə müraciətdən ilkin mərhələdə 10-nun üzərində dayanmaq məqbul sayılıb. “Nedelya” qəzetinin, “Avtosfer.az” saytının, “Mir literaturı” qəzetinin, “Dialoq.info” saytının, “Aran” qəzetinin, “Ens.az” saytının, “Azərbaycanım” beynəlxalq jurnalının, “Redaktor.az” saytının, Poliqon İnformasiya Agentliyi (pia.az) və “Rubrika.az” saytının Şuraya üzvlüyə qəbuluna dair qərar verilib.

Cari məsələlərlə bağlı müzakirədə son zamanlar mediada və sosial şəbəkələrdə intihar xəbərlərinin artmasından narahatlıq ifadə edilib. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şura müxtəlif illərdə bununla əlaqədar KİV-lərə müraciətlər ünvanlayıb, məsələyə həssaslıq göstərilməsi ilə bağlı tövsiyələr verib, indi də eyni fəaliyyət davam etdirilməkdədir: “Əslində medianın intihar hadisələrini işıqlandırmaması kimi bir qadağa yolverilməzdir. Sadəcə burada ictimai motiv olmalıdır. Əgər belə bir motiv yoxdursa, KİV-in peşəkarlığı odur ki, o mövzuya toxunmasın. Təəssüf ki, bir çox hallarda sosial şəbəkələrdə yayılmış hansısa intihar səhnəsi də KİV üçün materiala çevrilir. Məsələyə müvafiq dövlət qurumları da həssas yanaşmalıdırlar. Bir daha deyim, intiharlarda ictimai motiv yükü varsa, yalnız o zaman onun informasiya dəyəri olur”.

Cari məsələlərlə bağlı eyni zamanda MŞ İdarə Heyətinin üzvlərinin müharibədə döyüşmüş jurnalistlərlə görüşünün təşkili, Azərbaycan mediasının 44 günlük Vətən Müharibəsində iştirakı ilə bağlı toplunun hazırlanması, habelə Vətən Müharibəsi ilə bağlı müsabiqənin təşkili məsələləri nəzərdən keçirilib.