LƏYAQƏTLİ ÖLKƏ KİMİ...

LƏYAQƏTLİ ÖLKƏ KİMİ... backend

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyevin iclasda etdiyi çıxışında mühüm problemlərə toxunulub. Yurdiçi sorunlara dair Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində toxunduğu ən aktual mövzu – sahibkarların bəzi məmurların özbaşınalığına məruz qalmasıdır. “Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”. Prezident bunu edən məmurları dövlətə qarşı ağır cinayət işlətmiş xainlər adlandırdı.

Həmçinin, qeyri-neft sektorundan biri olan turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəbi də göstərdi: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.

Prezident bu əsnada bildirdi: “...Azərbaycana gələn qonaqlar şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual edib.

Dövlət başçısı turizmi əngəlləyən digər səbəb kimi viza prosedurlarının mürəkkəbliyini göstərib. İlham Əliyev deyib Azərbaycanın viza rejimi elə olmalıdır ki, ölkəyə bəd niyyətlə gəlmək istəyənlərin qarşısını bundan sonra da qətiyyətlə alsın. Lakin eyni zamanda ölkəyə turist kimi gəlmək istəyənlər mürəkkəb viza prosedurlarından əziyyət çəkməməlidir.

İlham Əliyev üçüncü ciddi problem kimi otellərin qiymətlərinin baha olmasından bəhs edib. Deyib ki, xüsusən bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması barədə ona siqnallar gəlir.

“... Bəs bölgələrdə 5 ulduzu olmayan otellərdə qiymətlər niyə bahadır? Bölgələrdə otellərə elə qiymətlər qoyublar ki, adam heç getmək istəmir”- deyə prezident bildirib.

Dövlət başçısı 2 və 3 ulduzlu otellərin tikilmədiyini də qeyd edib, əlavə edib ki, nəticədə aztəminatlı ailələr istirahət edə bilmir.

Artıq bəllidir ki, vizaların alınmasının sadələşdirilməsi üşün Xarici İşlər Nazirliyi, 2 və 3 ulduzlu otellərin tikilməsi üçün İqtiadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, aviabilet qiymətlərinin ucuzlaşdırılması üçün AZAL hərəkətə keçib.
Çox maraqlıdır: niyə gərək Preizdent problemi müzakirəyə çıxarmalı, problemi göstərməli və aidiyyatı olan nazirləri tənqid etməlidir ki, bundan sonra həmin vəzifəli şəxslər öz birbaşa vəzifə borclarını həyata keçirməlidirlər? Görünür bu, Prezidentin son xəbərdarlığı idi. Prezident bu nazir və d. məmurlara son şans verirdi. Çünki daha yaxşı olardı ki, bu nazirləri, bəzi məmurları işi daha yaxşı bilən, bacarıqlı və millətin rahatlığını, inkişafını düşünən kadrlarla əvəz edilsinlər...

Yurddışı sorunlara dair

Prezident İlham Əliyev Azərbaycan vətənpərvərlərinin, millətçilərinin çoxdan gözlədiyi mövzuya tam milli maraqlara uyğun açıqlamalar verdi. Bu mövzu da əsasən Azərbaycan Dövlətinin və Türklüyünün avro- və ya avrasiya inteqrasiyasına aid idi. Mövzu üzrə İlham Əliyev bildirdi:

“Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.

Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik.

Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.

Müharibəyə hazırlıq...

Millətimizin ən ümdə, ən ağrılı prblemi barədə Prezident bunları dedi:
“Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.
2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıbdır. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək”.

P.S. Nəhayət ki, yeni Müdafiə Naziri ordu birləşmələrimizə "...Yaşayış məntəqələrimizin atəşə tutulması halında düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və hərbi obyektlərə iriçaplı silahlardan dərhal zərbə endiriləcək" kimi əmr verdi. Torpaqlarımızı geri ala bilməsək də, hər halda bu çeşidli əmr inkişafdan və cəsarətdən xəbər verir.

Pərviz Elay
Diaspora