Şəhiddən qalan son foto: “Atamla son üç ay bizə hədiyyə imiş…”

Şəhiddən qalan son foto: “Atamla son üç ay bizə hədiyyə imiş…” backend

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Rubrikamızın budəfəki təqdimatı şəhid-polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin əziz xatirəsinə həsr olunur. 

 

Şəhid-polkovnikin qızı Gülnarə Mirzəyevanın sözlərinə görə, atası ilə çəkdirdikləri sonuncu şəkil ailəvi foto olub. Həmin şəkil 15 mart 2020-ci ildə İlqar Mirzəyevin xidmət etdiyi Şəmkirdə çəkilib.

 

“Həmin vaxt atam Şəmkirdə xidmət edirdi. Qardaşımla mən artıq ali təhsil alırdıq və buna görə də Bakıda qalırdıq. Amma hər kiçik bayramı, hər fürsəti dəyərləndirib onun yanına gedirdik”, - deyə Gülnarə Mirzəyev xatırlayır.

 

Müsahibimiz deyir ki, pandemiya dövründə onlayn təhsilə keçid bəlkə də ən çox onların ailəsini sevindirib:

 

“Çünki bu, bizə atamın yanında əvvəlkindən daha uzun müddət qalmaq imkanı vermişdi. İndi dönüb baxanda anlayıram ki, Şəmkirdə birlikdə keçirdiyimiz o üç ay sanki bizə hədiyyə edilmişdi. Həyatın bizə bəxş etdiyi, birlikdə yaşadığımız son üç ay…

 

Atam hər gün bizi harasa aparar, ailəlikcə birlikdə vaxt keçirərdik. Bu şəkil də həmin günlərdən birində çəkilib.

 

O zaman bunun adi bir xatirə olduğunu düşünürdük. Heç birimiz bilmirdik ki, illər keçdikcə bu şəkil bizim üçün sadəcə bir foto deyil, birlikdə yaşadığımız ən dəyərli günlərin, ən gözəl xatirələrin və atamla son ailəvi anlarımızın simvoluna çevriləcək”.

 

Xatırladaq ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. İlqar Mirzəyev 1980-1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib. 

 

İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı “Artilleriya” ixtisası üzrə bitirib.

 

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasını artırmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

 

Hərbi xidmətə 1995-ci ildə başlayan İlqar Mirzəyev əvvəlcə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində müxtəlif komandir vəzifələrində xidmət edib. 2001-ci ildən etibarən bölgələrdə yerləşən hərbi hissələrdə qərargah rəisi, artilleriya divizionu komandiri, hərbi hissə komandirinin müavini, əməliyyat bölməsinin rəisi və digər məsul vəzifələrdə çalışıb. Qüsursuz xidmətinə görə ardıcıl olaraq “baş leytenant”, “kapitan”, “mayor”, 2012-ci ildə isə “polkovnik” hərbi rütbəsi alıb.

 

Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edib.

 

Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam edib. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət edib.

 

2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər “N” saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət edib.

 

İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə “N” saylı hərbi hissənin Komandiri idi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. 

 

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. 

 

İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. 

 

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov, artilleriya komandiri olan İlqar Mirzəyev və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

 

İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilib. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilib.

 

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutub. İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn edilib. 

 

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamla Tovuz döyüşlərində igidlik göstərmiş general-mayor Polad Həşimov (ölümündən sonra) və polkovnik İlqar Mirzəyev (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.