Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə "Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması" mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.
Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinində iştirak etdiyi təlim bir neçə mərhələdə həyata keçirilib.
Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olub.
Plana əsasən təlimə cəlb olunan bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilərək əməliyyat rayonlarına çıxarılıb.
Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, eləcədə HHQ-nin insansız hava vasitələri tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə yetirilib.
Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və DSXSM-nin gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsi tapşırıqlarını icra etmış, şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini yerinə yetirib, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları zərərsizləşdiriblər.
Dəniz xüsusi təyinatlılardan ibarət Gəmi Əməliyyatları Qrupları helikopterlərin havadan, DSX-nin və HDQ-nin artilleriya katerlərinin dənizdən atəş dəstəyi ilə ələ keçirilmiş gəminin dayandırılması, gəminin və girov saxlanılan insanların xilas edilməsi üzrə döyüş tapşırıqlarını icra etmişdir.
Dəniz piyada bölmələri terrorçu qruplar tərəfindən ələ keçirilmiş yaşayış məntəqəsində saxlanılan girovların azad olunması üzrə taktiki fəaliyyətləri yerinə yetirmişlər.
Terrorçu qruplar tərəfində partladılan gəmidə yanğının söndürülməsi, yaralıların və suya düşmüş insanların xilas edilməsi, eləcədə gəminin sualtı hissəsinə quraşdırılmış minaların zərəsizləşdirlməsi üzrə fəaliyyətlər HDQ-nin Axtarış Xilasetmə Xidmətinin, eləcə də FHN-nin gəmi və katerlərinin, dalğıc və xilasedicilərinin, yanğınsöndürmə və xilasetmə helikopterlərinin cəlb edilməsi ilə yerinə yetirilmişdir.
İti sürətli xilasetmə katerləri vasitəsilə ağır yaralıların ən qısa zamanda tibbi gəmiyə təxliyyəsi və onlara tibbi yardımın göstərilməsi üzrə elementlərdə bu mərhələdə icra edilmişdir.
Təlimin sonunda təlimə cəlb edilmiş qurumların gəmi, kater və xüsusi texnikaların, eləcədə silahlanmaya yeni qəbul edilmiş silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi icra edilmişdir.
Döyüş atışlı taktiki təlimdə əsas diqqət Xəzər dənizinin ümumi su məkanında, Azərbaycan Respublikasına məxsus ərazi sularında və sahilyanı ərazilərindəki kritik enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların həllində digər qoşun növləri və silahlı birləşmələrlə birgə fəaliyyətlərin təkmilləşdirilməsinə, qarşılıqlı əlaqənin təşkilinə, həmçinin müxtəlif şəraitlərdə gəmilərin idarə olunmasına yönəldilmişdir.
Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra etmişlər.



