Bu gün general-leytenant Mais Bərxudarovun doğum günüdür.
Qaziler.az xatırladır ki, Mais Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlıda anadan olub.
Uşaq vaxtlarında güləşlə məşğul olan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.
1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
1998-ci ildə baş-leytenant Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Bu ordeni ona ümummilli lider Heydər Əliyev təqdim edib.
2012-ci ildə isə polkovnik rütbəsi daşıyan Mais Bərxudarov "Vətən uğrunda" medalına layiq görülüb.
2016-cı il aprelin 1-5-i tarixlərində Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib.


Ali Baş Komandan İlham Əliyev Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-leytenant rütbəsi verib.
General-leytenant, həmçinin 44 gün davam edən Vətən müharibəsində də iştirak edib. O, Azərbaycanın Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları, həmçinin "Qarabağ" ordeni ilə təltif edilib.



